YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan əməkdaşlıq, dostluq, həmrəylik məkanı kimi tanınır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Prezident İlham Əliyev oktyabrın 9-da MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbədə səfərdə oldu. Dövlətimizin başçısı MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışında Azərbaycan-Tacikistan münasibətlərindən, Laçın şəhərinin cari il üçün MDB-nin mədəniyyət paytaxtı elan edilməsindən, Gəncə şəhərində III MDB Oyunlarının keçirilməsində bəhs etdi. Bildirdi ki, Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirildi. Tədbirdən əvvəl  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşdülər. Sonra dövlətimizin başçısı və birinci xanım açılış mərasimini izlədilər.

Azərbaycan idman ölkəsidir. Son illərdə idmanın inkişafı istiqamətində atılan addımlar göz qabağındadır. Bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət dayanır. Ümummilli Lider Heydər Əliyev “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində  tanınır. Demək olar ki,  idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir  vasitə yoxdur” fikirləri ilə bu sahənin inkişafına  verilən önəmi şərtləndirən əsas amilləri  diqqətə çatdırmışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinə çevirən Ümummilli Lider Heydər Əliyev fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsini vacib amil kimi önə çəkdi. Dahi şəxsiyyətin bu istiqamətdə atdığı biri-birindən əhəmiyyətli addımların  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində  Azərbaycan bu gün dünyada və Avropada idman ölkəsi  kimi tanınır. Bu sahədə uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarda, eyni zamanda, paytaxt və bölgələrdə müasir idman infrastrukturunun yaradılmasında özünün aydın ifadəsini tapır. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir.

Azərbaycanın bütün sahələrdə təkmil təcrübəyə malikdir. Hər zaman yeniliyə maraq göstərir, yeni təcrübənin ölkəmizdə tətbiqi əsas hədəf kimi qarşıya qoyulub. Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda davamlı olaraq yüksək səviyyədə təşkil edilməsinə öz müsbət təsirini göstərəcək. Ümumilikdə Azərbaycan beynəlxalq aləmdə əməkdaşlıq, dostluq, həmrəylik  məkanı kimi tanınır.