YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dost və müttəfiqlik münasibətləri bundan sonra da davam edəcək

Nazimə Şamıyeva

YAP Füzuli rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyevin Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı önəmli hadisələrlə yadda qaldı. Xüsusilə, burada Tacikistan Prezidenti Emoməli Rəhmonla təkbətək görüşündə  hər iki ölkə arasındakı münasibətlər müzakirə olundu. Əvvəlcə qonaqpərvərliyə,tədbirin yüksək səviyyədə təşkilinə görə Tacikistan Prezidentinə təşəkkürünü bildirdi.

Ölkəmizin başçısı  bildirdi ki, Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Bu münasibətlər qardaşlıq və dostluq münasibətlərinə əsaslanır. Bundan başqa, Prezident İlham Əliyev çıxışında postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda gedən tikinti-quruculuq işlərindən danışdı: “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.”

Azərbaycan Prezidenti MDB-yə üzv ölkələrlə dost və müttəfiqlik münasibətlərinin olduğunu diqqətə çatdırıb. Bildirdi ki,  ölkəsi bu birliyin üzvü kimi daim sülh və sabitliyin, hümanitar aksiyaların keçirilməsinin  tərəfdarı olub: “Azərbaycan Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.”

Ümumiyyətlə, Prezident İlham Əliyevin Düşənbə görüşü həm də ona görə səmərəli hesab olunur ki, oktyabrın 9-da  Düşənbədə Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşündə  iki ölkə arasındakı siyasi gərginlik normallaşmağa doğu inkişaf etdi. Xüsusilə Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirdi ki, Rusiya bu faciəli hadisə ilə əlaqədar zərərçəkənlərə kompensasiya ödənilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi üçün bütün lazımi addımları atacaq. Eyni zamanda, Vladimir Putin ilk dəfə olaraq AZAL təyyarəsinin qəzaya uğramasında Rusiyanın məsuliyyətini etiraf etdi: “Bu faciəyə görə Rusiya məsuliyyət daşıyır, zərərçəkmiş ailələrə kompensasiya ödəniləcək və günahkar şəxslər cəzalandırılacaq”.