Xəbərlər
Azərbaycanın yeni regional liderlik mərhələsi

Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri
2025-ci ilin 10 oktyabrında Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi. Gündəmin əsas mövzularını regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və birliyin gələcək inkişaf istiqamətləri təşkil edirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iclasda çıxışı MDB platformasında ölkəmizin artan rolunu və strateji baxışını bir daha nümayiş etdirdi. Prezidentin nitqində diqqət çəkən əsas istiqamətlərdən biri isə III MDB Oyunlarının Azərbaycanda keçirilməsi oldu. Bu çıxış təkcə idman mövzusuna deyil, bütövlükdə ölkəmizin regional inteqrasiyada liderliyinə işarə idi.
Prezident İlham Əliyev çıxışında MDB-nin son illərdə regional sabitlik və əməkdaşlıq baxımından mühüm platformaya çevrildiyini qeyd etdi. O bildirdi ki, MDB ölkələri arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi, iqtisadi və mədəni münasibətlərin genişləndirilməsi bu birliyi daha effektiv və praqmatik təşkilata çevirir.
Dövlət başçısı vurğuladı ki, Azərbaycan MDB çərçivəsində iqtisadi əlaqələrin inkişafına, ticarət və nəqliyyat infrastrukturunun modernləşməsinə və humanitar sahədə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verir. Çıxışında: “MDB məkanı bizim üçün həm tarixi, həm də strateji baxımdan əhəmiyyətlidir. Bu birliyin güclənməsi, üzv dövlətlər arasında qarşılıqlı etimad və əməkdaşlığın artması regionun ümumi sabitliyinə xidmət edir” - qeyd edən İlham Əliyev MDB-nin yalnız siyasi və iqtisadi platforma olmadığını, həm də təhlükəsizlik məsələlərində qarşılıqlı fəaliyyət üçün etibarlı mexanizm kimi çıxış etdiyini, həmçinin MDB məkanında yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması, ticarətin asanlaşdırılması və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi məsələlərinə toxunaraq, bu istiqamətlərin qarşılıqlı inteqrasiyanın əsasını təşkil etdiyini vurğuladı.
Mədəniyyət, təhsil və idman sahələrində birgə layihələr MDB məkanında xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət edir. Bu baxımdan idman diplomatiyası və xüsusilə MDB Oyunları kimi tədbirləri gənclərin birliyini gücləndirən, ortaq dəyərləri təşviq edən mühüm vasitə kimi dəyərləndirən Prezident İlham Əliyev MDB Oyunlarının iştirakçı ölkələrin gənclərini birləşdirən, xalqlar arasında dostluq körpüsü yaradan mühüm təşəbbüs olduğunu və Azərbaycanın bu yarışlara ev sahibliyi etməklə həm idman, həm də mədəni əməkdaşlıq istiqamətində yeni səhifə açacağını söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin 10 iyul 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ildə III MDB Oyunlarının ölkəmizdə keçirilməsi qərara alınıb. Bu qərar ölkənin beynəlxalq idman diplomatiyasında mühüm hadisə sayılır. 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində keçirilən yarışlar Azərbaycanın bir neçə şəhərini – Gəncə, Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndi – əhatə etmişdir.
MDB Oyunlarının Azərbaycanda təşkili ölkəmizin idman diplomatiyası sahəsində yeni mərhələyə keçidini təmin etdi. Oyunlar vasitəsilə Azərbaycan özünü təşkilati və idarəetmə bacarığı ilə nümayiş etdirdi. Bu, ölkənin beynəlxalq tədbirlər üçün etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edir. Həmçinin MDB Oyunları Azərbaycan idmançılarının beynəlxalq təcrübə qazanması, yeni dostluq əlaqələrinin qurulması və birgə təlim proqramlarının inkişafı üçün mühüm platforma yaratmış oldu.
Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, bu oyunlar təkcə idman tədbiri deyil, həm də regionların inkişaf proqramının mühüm hissəsidir. İdman infrastrukturuna yatırılan sərmayə gələcək nəsillərin sağlam həyat tərzinin formalaşmasına və ölkənin idman potensialının daha da güclənməsinə xidmət edir.
III MDB Oyunları Azərbaycanın yalnız idman sahəsində deyil, həm də iqtisadi, sosial və diplomatik istiqamətlərdə çoxşaxəli inkişaf modelinin bariz nümunəsidir.
Bu tədbir Azərbaycanın müasir, açıq və dinamik ölkə imicini daha da gücləndirmiş, regionlarda dayanıqlı inkişafı təmin etmiş və gənclər arasında birliyin möhkəmlənməsinə xidmət etmiş oldu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu oyunlara ev sahibliyi etməklə, təkcə MDB məkanında deyil, həm də beynəlxalq miqyasda idman diplomatiyasının liderlərindən birinə çevrilmiş oldu.
Prezident İlham Əliyevin 10 oktyabr 2025-ci ildə Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında etdiyi çıxış Azərbaycanın gələcəyə yönəlmiş strateji baxışını bir daha nümayiş etdirdi. Bu çıxışda III MDB Oyunları məsələsi xüsusi yer tutdu və Azərbaycanın regionda idman, mədəniyyət və diplomatiya sahəsində liderliyini təsdiqlədi.
III MDB Oyunlarının Azərbaycanda keçirilməsi yalnız idman hadisəsi deyil, həm də milli birliyin, gənclərin və bölgələrin inkişafına yönəlmiş ümummilli layihədir. Bu, Azərbaycanın beynəlxalq arenada öz sözünü demək gücünü və təşəbbüskarlığını bir daha göstərir.