Xəbərlər
Düşənbə sammiti Azərbaycanın MDB məkanında yüksək nüfuzunu nümayiş etdirdi

Əli Hüseynli
Milli Məclisin deputatı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının ilk ongünlüyündə ard-arda bir neçə beynəlxalq tədbirdə iştirakı, bir tərəfdən Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürü, digər tərəfdən isə ölkə rəhbərinin yorulmaz siyasi fəaliyətinin və tükənməz enerjisinin göstəricisidir.
1-2 oktyabr – Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammitində Avropa İttifaqı və digər tərəfdaşlarla görüşlər və müzakirələr, 6-7 oktyabr - Türk dünyasının həmrəyliyi və birliyinin rəmzi kimi Qəbələdə təşkil edilən Türk Dövlətləri Təşkilatının zirvə görüşü və nəhayət, 9-10 oktyabr - Düşənbədə baş tutan MDB Dövlət Başçıları Şurasının sammiti Prezident İlham Əliyevin fəal iştirakı ilə müşayiət olunmuşdur.
Əvvəlki iki tədbir haqqında ölkə və dünya mediasında siyasi texnoloqlar tərəfindən açıqlanan kifayət qədər analitik materiallar və rəylər öz əksini tapıb. Azərbaycan liderinin 10 oktyabr 2025-ci il tarixində Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş və məhdud tərkibdə keçirilən iclaslarındakı çıxışları da regional əməkdaşlıq çərçivəsində geosiyasi, mədəni, humanitar sahələrdə dövlətlərarası münasibətlərin daha da etibarlı şəkildə qurulması baxımından təhlili üçün maraqlı məqamlarla zəngindir.
Cənab İlham Əliyev ilk növbədə Tacikistan ilə Azərbaycan arasında münasibətlərin ardıcıl inkişaf etdiyini vurğulamaqla regional diplomatik əlaqələrin və MDB daxilində münasibətlərin yalnız dostluq, səmimiyyət, faydalı əməkdaşlıq və qarşılıqlı dəstək əsasında qurulmasının mümkünlüyünə işarə etmişdir.
Sammitdə Şərqi Zəngəzurun incisi Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi təqdim edilməsi vaxtilə 30 il ərzində erməni işğalı altında qalmış tarixi-mədəni irsin və simvolik əhəmiyyətə malik ərazilərin beynəlxalq platformalarda tanıdılması, həmçinin bu məsələlərin MDB kontekstində gündəmə gətirilməsi Azərbaycanın mədəniyyət diplomatiyasının uğuru kimi dəyərləndiriulməlidir.
Azərbaycan Prezidenti öz çıxışında ölkəmizdə keçirilmiş III MDB Oyunlarına xüsusi diqqət ayrıraraq belə idman tədbirlərinin dostluq və əməkdaşlığa böyük töhfə verdiyini qeyd etmişdir. Cənab İlham Əliyev bu oyunlarda digər qitələrin nümayəndələrinin də iştirakını xatırlatmaqla bu qisimdən olan tədbirləri MDB-nin, eyni zamanda, regional formatdan çıxaraq daha geniş platformalara inteqrasiya etmək imkanı kimi dəyərləndirmişdir. Şübhə yoxdur ki, bu yarışlar MDB daxilində və xaricində təmasları artırmaq, gənclər və idman sahəsində həmrəyliyin formalaşdırılmasına xidmət edir. Mədəniyyət, idman, humanitar sahələrdə fəal əməkdaşlığa çağırış, həmçinin, qarşılıqlı münasibətlərin inkişafı üçün yumşaq diplomatik alətlərdən istifadəni nəzərdə tutur.
Digər analitik aspekt ondan ibarətdir ki, regional balanslaşmaların əhəmiyyətini önə çəkən Prezident İlham Əliyevin Düşənbə sammitindəki çıxışları digər beynəlxalq qurumlarda olduğu kimi, bu siyasi platforma çərçivəsində də ölkəmizin önəmli rolunu qorumaq niyyətində və gücündə olduğunun ifadəsidir. Bu, həm də o anlama gəlir ki, Azərbaycan ilk növbədə Qafqaz, Orta Asiya, postsovet məkanlarında öz mövqeyinin daha da möhkəmləndirilməsini hədəfləyir.