Xəbərlər
Dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla əməkdaşlıq etməyə çox maraqlıdırlar
“Sirr deyil ki, bu gün qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycan isə xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir və elektrik enerjisi yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edir. Yalnız ötən il 4 su elektrik stansiyası bərpa olunub, bu il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır. Bu mənada, dünya miqyasında bütün enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdən biri olan Azərbaycanın elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Artıq dörd qonşu ölkəyə elektrik ixracı təmin edilib və perspektivdə digər bazarlara da elektrik enerjisi çıxarılacaq”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
R.Vəlibəyov bildirib ki, Azərbaycanda bərpaolunan enerji növlərinin də potensialı həddindən artıq böyükdür: “Məhz, bu səbəbdəndir ki, dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasından sonra Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimlərinin keçirilməsi, həmçinin BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqların aparılması deyilən fikrin əyani sübutlarıdır. Əlbəttə ki, dünyanın böyük enerji şirkətlərinin Azərbaycanla əməkdaşlığa maraqlı olmaqlarının səbəblərindən biri də ölkəmizdə əlverişli investisiya şəraitinin olmasından irəli gəlir. Azərbaycan isə xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir”.
“Bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritetdir” – deyən R.Vəlibəyov əlavə edib ki, ölkəmizdə mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlər, nəqliyyat, kommunikasiya, elektrik xətləri imkan verir ki, respublikamız nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısına və ixracatçısına çevrilsin.