Xəbərlər
Prezident İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi ilə bağlı Sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 3-də 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 800, həmin müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqradın mühasirəsinin iştirakçılarına 400 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Bununla əlaqədar, Azərbaycan Respublikasının 2015-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 8,3 milyon manat vəsait ayrılıb.
Sərəncamda Maliyyə Nazirliyinə həmin vəsaitin Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsi, Fonda birdəfəlik maddi yardımın nəzərdə tutulmuş şəxslərə çatdırılması tapşırılıb.