Xəbərlər
Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Bu gün Azərbaycan-Serbiya əməkdaşlığı geniş müzakirə edilir. Dövlət başçısı İlham Əliyevin fevralın 15-də bu ölkəyə reallaşdırdığı rəsmi səfər münasibətlərdə yeni mərhələnin başlanğıcı oldu. Prezidentlərin görüşündə, Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında səsləndirilən fikirlər iki ölkənin strateji tərəfaşlıq səviyyəsinə yüksələn münasibətlərinin gələcək inkişafının təqdimatı kimi dəyərləndirilir. Dövlətimizin başçısı bildirdi ki, rəsmi səfərimin nəticələri özünü çox gözlətməyəcək. Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik. Mən Prezident Aleksandar Vuçiçi və Serbiya nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət etmişəm: “Əminəm ki, biz bu il bir neçə dəfə görüşəcəyik - həm Azərbaycanda, həm də ola bilər, mən yenə Serbiyaya gəlim. Çünki mən və əminəm ki, Azərbaycan nümayəndə heyəti burada özlərini evindəki kimi hiss edirlər. Mən dəfələrlə Serbiyada olmuşam və Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada gedən inkişafı öz gözlərimlə görürəm. Buna görə bir daha serbiyalı dostlarımızı ürəkdən təbrik etmək istəyirəm və Prezident Vuçiçin şüarına da qoşuluram. Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!”
Prezident İlham Əliyev onu da qeyd etdi ki, bu gün Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında bir çox məsələlər müzakirə edildi. Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır.
Serbiya Prezidenti Aleksandar Vuçiç bildirdi ki, Prezident İlham Əliyevin, o cümlədən Azərbaycan Respublikası və Serbiya Respublikası hökumətlərinin yüksəksəviyyəli rəsmilərinin və nazirlərin burada olması Strateji Tərəfdaşlıq Şurasına hər iki tərəfin verdiyi əhəmiyyəti aydın şəkildə göstərir. Bu gün gördüyümüz iş konkret nəticələrə, aydın razılaşmalara və uzunmüddətli əməkdaşlığa aid mövqeyə əsaslanır. Biz dost ölkə Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıyıq. Biz bu məqsədə doğru gedəcəyik. Bu o deməkdir ki, biz müxtəlif sahələrdə münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün ürəkdən çalışacağıq. Dostlara gəldikdə, qarşımıza çətinliklər çıxanda, bəzi məsələlərlə üzləşəndə biz hər zaman onları birlikdə həll edə bilirik. Bu, hər zaman belə olacaq. Arzu edirik ki, dostluq, daha yaxşı münasibətlərin qurulması, qarşılıqlı əlaqələr daha sürətlə və intensiv inkişaf etsin.
Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələri Serbiyanın enerji xəritəsini yenidən formalaşdırır. Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Prezident Aleksandar Vuçiç birgə inşa ediləcək elektrik stansiyasının gələcəyinə diqqəti yönəltdi. Cənab İlham Əliyev bildirdi ki, bu elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir. Çünki əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlbedici olmazdı. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir. Xüsusilə təbii resursları olmayan ölkələr bir çox hallarda asılı vəziyyətə düşürlər. Ona görə daxili enerji, istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir və bu layihənin həyata keçirilməsində Prezident Aleksandar Vuçiçin xüsusi rolunu qeyd etmək istərdim.
İstər Strateji Tərəfdaşlıq Şurasının 1-ci islasında, istərsə də mətbuata bəyanatında Serbiya Prezidenti Aleksandar Vuçiçin bildirdi ki, mən əziz dostum İlham Əliyevdən çox şeyi öyrənirəm, nəinki bu gün, həmçinin digər vaxtlarda: “Elə bu səbəbdən bu gün həmin məqsədlə daha çox vaxt sərf etdim. Mən gələcəkdə də belə edəcəyəm. Bilirəm ki, o, çox sədaqətli dostdur. Bilirəm ki, biz Azərbaycandan çox yaxşı işlər gözləyə bilərik və inanıram ki, Azərbaycan xalqı hər zaman Serbiyadan və Serbiya xalqından yalnız yaxşı işləri gözləyə bilər. Serbiya nazirlərindən xahiş edərdim ki, onlar azərbaycanlı tərəfdaşlarımız kimi ürəkdən çalışsınlar”.
Səsləndirilən bu fikirlər dövlət başçısı İlham Əliyevin artan beynəlxalq nüfuzunun, dövlətçilik təcrübəsinin və qlobal liderliyinin, ona olan böyük etimadın təsdiqidir.
