Xəbərlər
Azərbaycan-Serbiya əlaqələri yüksələn xətlə inkişaf edir
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Son illər ölkəmizin xarici siyasətində Avropa ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi əsas prioritet istiqamətlərdən birinə çevrilmişdir. Yaxın münasibətlərin olduğu bu dövlətlər içərisində Serbiyanın xüsusi yeri vardır. Bu baxımdan Azərbaycanla Serbiya uğurlu əməkdaşlıq quran dost ölkələrdir. Yüksək səviyyədə olan münasibətlər hər zaman müsbət dinamikası ilə seçilib. İki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi də strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasında dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri mühüm rol oynayır. 15 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Serbiya Respublikasına növbəti rəsmi səfəri iki dövlət arasında mövcud olan çoxşaxəli münasibətləri daha da dərinləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edirdi.
Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycanla Serbiya arasında bu günə kimi imzalanmış ikitərəfli sənədlər, o cümlədən Strateji Tərəfdaşlıq Haqqında Bəyannamə qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaradıb. Qeyd etməliyik ki, Serbiya Azərbaycanı Cənubi Qafqaz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Sevindirici haldır ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Azərbaycanla Serbiyanın uğurlu əməkdaşlıq etdiyi əsas sahələrdən biri enerji sahəsidir. Məhz cənab Prezidentin Serbiyaya son səfəri Azərbaycanla Serbiya arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmli idi.
Səfərin ən mühüm tərəflərindən biri isə Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasının keçirilməsi və bir sıra mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə edilməsi oldu. Həmçinin səfər çərçivəsində iki dövlət başçısı arasında ikitərəfli və geniştərkibdə görüşlər keçirilmiş, müxtəlif sahələri əhatə edən Azərbaycan-Serbiya münasibətlərinin daha da inkişafı istiqamətində sənədlərin mübadiləsi mərasimi olmuşdur. Daha sonra isə hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış edərək Azərbaycan–Serbiya əlaqələrinin inkişafından məmnunluğ dilə gətirilmiş və gələcək inkişaf istiqamətləri aydın şəkildə ifadə edilmişdir. Dövlətimizin başçısı çıxışında vurğuladı ki, Azərbaycan ilə Serbiya arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dəstək prinsiplərinə əsaslanır. Hər iki ölkə beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə daim hörmətlə yanaşır və bu amil dövlətlərarası əlaqələrin siyasi təməlini təşkil edir.
Cənab Prezident qeyd etdi ki, son illərdə Azərbaycan ilə Serbiya arasında siyasi dialoq yüksək səviyyədə inkişaf edib. Müxtəlif sahələri əhatə edən əməkdaşlıq – energetika, nəqliyyat, tikinti, kənd təsərrüfatı və investisiya istiqamətləri üzrə konkret nəticələr əldə olunub. Prezident İlham Əliyev xüsusilə enerji sahəsində əməkdaşlığın strateji xarakter daşıdığını vurğulayaraq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun Serbiya ilə tərəfdaşlıq üçün yeni imkanlar açdığını bildirdi. Həmçinin əminliklə bildirildi ki, Azərbaycan–Serbiya münasibətləri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.
Xüsusi olaraq qeyd edilməlidir ki, Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri Azərbaycan ilə Serbiya arasında mövcud olan səmimi münasibətlərin və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın davamlı inkişafının bariz nümunəsidir. İnanırıq ki, Azərbaycanla Serbiya arasında hazırda bütün sahələrdə olan möhkəm əlaqələr daha da inkişaf edəcək və bu ikitərəfli maraqlara əsaslanan münasibətlərimiz xalqlarımızın rifahına xidmət edəcəkdir.
