YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf edir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycan-Serbiya əlaqələri yeni istiqamətlər üzrə uğurla inkişaf edir. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Serbiyaya rəsmi səfəri bunun bir daha təsdiqi oldu.

Səfər zamanı Prezidentlərin təkbətək görüşündə müzakirə olunan məsələlər,  imzalanan sənədlər, iki ölkə arasında Strateji  Tərəfdaşlıq Şurasının 1-ci iclasında səsləndirilən fikirlər Azərbaycan-Serbiya münasibətlərinin dünəninə, bu gününə baxış əsasında gələcəklə bağlı planların təqdimatı oldu. Cənab İlham Əliyev bildirdi ki, bu gün Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında bir çox məsələlər müzakirə edildi. Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır.

Energetika sahəsi Azərbaycan-Serbiya əməkdaşlığının əsas sütunlarından biridir. Azərbaycan artıq Serbiyaya təbii qaz ixracına başlamış və tərəflər bu ixracın həcminin artırılması barədə razılığa gəlmişlər. Prezident İlham Əliyev vurğuladı ki, Prezident Aleksandar Vuçiç artıq birgə inşa ediləcək elektrik stansiyasının gələcəyindən danışdı. Aleksandar Vuçiçin  qeyd etdiyi kimi, biz qərara gəldik ki, bu məsələni nəzarət altında saxlayacağıq. Bu elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir. Çünki əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlbedici olmazdı. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.

Elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir. Xüsusilə təbii resursları olmayan ölkələr bir çox hallarda asılı vəziyyətə düşürlər. Cənab İlham Əliyev vurğuladı ki,  daxili enerji, istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir və bu layihənin həyata keçirilməsində Prezident Aleksandar Vuçiçin xüsusi rolu var.

Bütövlükdə energetika sahəsində əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir. “Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq” söyləyən cənab İlham Əliyev bildirdi ki, indi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. Biz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır.

Azərbaycanın uğurlu enerji siyasəti dünyanın enerji təhlükəsizliyində mühüm aktor kimi rolunu daha da gücləndirir. Qarşılıqlı səfərlər əməkdaşlığı daha da möhkəmləndirir. Prezident İlham Əliyev mətbuata bəyanatında qarşılıqlı səfərlərin davam etdiriləcəyini və siyasi dialoqun intensivləşdiriləcəyini xüsusi vurğuladı.