Xəbərlər
Şərəfli ömrün 5 ili
Məlahət İbrahimqızı
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı
Bildiyimiz kimi, bugünlərdə möhtərəm Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevanın bu vəzifəyə təyinatının 5 ili tamam olur. Əslində möhtərəm xanım Mehriban Əliyevanın bu ali vəzifəyə təyinatını ictimaiyyət çoxdan gözləyirdi. Çünki bu fədakar xanımın bu vəzifəyə təyin olunanadək keçdiyi zəngin və şərəfli yol, müxtəlif sahələrdə qazandığı mükəmməl təcrübə onun ali dövlət vəzifəsində təmsil olunmasını zəruri etmişdi. Bu həm də bir sosial sifariş və ehtiyac olmaqla bir növ ictimai tələb idi. Vətəndaş cəmiyyətində, Milli Olimpiya Komitəsində, Ali qanunverici orqanda, üzv olduğu bir sıra beynəlxalq təşkilatlarda, dövlət idarəçiliyində onun mükəmməl təcrübəsi cəmiyyət üçün, xalq üçün, dövlətimiz üçün bir qazanc, şans və Allahın lütfü idi və ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilirdi. Öncə qeyd etmək istərdim ki, ölkəmizdə keçirilən son referendumda konstitusiyaya edilən dəyişiklərdən biri də Birinci vitse-prezidentlik institutunun yaradılması idi. Əlbəttə, yeni bir dövlət idarəçilik təsisatının yaradılması möhtərəm cənab Prezidentin bütün sahələrdə həyata keçirdiyi ardıcıl islahatların tərkibi olmaqla, ölkəmizin demokratik imicinin artırılmasına və idarəetmənin səmərəliliyinə böyük töhfə verib.
Bu mənada 2016-cı ildə Birinci vitse-prezident institutunun təsis edilməsindən sonra xalq bu təyinatı səbirsizliklə gözləyirdi. Belə bir deyim var. Vəzifə insanı gözəlləşdirmir. İnsan vəzifəni gözəlləşdirir. Bu mənada, möhtərəm xanım Mehriban Əliyeva hansı vəzifədə olmasından asılı olmayaraq,o, vəzifəyə yeni mahiyyət və məna, yeni yanaşma gətirirdi. Möhtərəm Birinci vitse-prezident bütün bu vəzifələrdə sadəlik, təvazökarlıq, əlçatanlıq, şəffaflıq, mərhəmət, humanizm kimi xüsusiyyətlərin vəzifə məsuliyyətinin əsas mahiyyəti olduğunu sübut etmişdi. Bütün bu vəzifələrdə xanım Mehriban Əliyeva ona etimad göstərən insanlar, təşkilatlar qarşısında hesabatlılığı özünə borc bildi, dövlət idarəçiliyinin əsas atributu hesab etdi.
Məhz elə bu yanaşma və etimad göstərənlərə səmimi münasibəti və onlara verdiyi dəyər ona hədsiz böyük sevgi və rəğbət qazandırmışdı. Mehriban xanım Əliyeva hələ ilk müsahibələrində “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir” deyərək, özünün nəcib missiyasının gələcək yol xəritəsi ilə insanların könlünü fəth etmişdi. O, rəhbərliyi ilə həyata keçirilən ölçüyə sığmayan əzəmətli layihələrlə mədəniyyətimizin qoruyucusu və təbliğatçısı, səhiyyənin və təhsilin hamisi, ümid qapısı, çarəsizlərin çarəsi,kimsəsizlərin dayağı adlandırıldı. Bu gün ölkəmizdə elə bir sosial problem yoxdur ki, orada onun humanist dəsti-xətti olmasın. Beynəlxalq səviyyədə həyata keçirdiyi humanitar və sosial layihələrlə, özünün mədəniyyət diplomatiyası ilə dövlətimizin və xalqımızın nüfuzunu daha da artırdı. Həm ölkəmizdə, həm də sərhədlərimizdən çox-çox uzaqlarda sevildi və hörmət olundu. Onun səmimiyyətinə inandılar və etimad göstərdilər. Mehriban xanım Əliyeva xalqımızın yaratmış olduğu maddi-mənəvi irsin müdafiəçisi olmaqla bərabər, həm də insanlığı min illər boyu qazanılmış bəşər mədəniyyətini qorumağa çağırdı və sivilizasiyalarası dialoqa mühüm töhfələr verdi. Onun təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə və xaricdə onlarla yüksək səviyyəli tədbirlər keçirildi.
O, çıxışlarında “Həyatda nə böyük, nə də kiçik rollar olmur” deyərək, düşüncə və baxışlarını insanlarla paylaşdı. O, hansı vəzifədə oldusa, o vəzifəyə şöhrət gətirdi. Möhtərəm Birinci vitse-prezidentimiz hansı işi görməyə qərar verdisə, hansı layihəni gerçəkləşdirdisə uğur onunla oldu. Ölkəmizdə və müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda hansı titullara, hansı vəzifələrə layiq görüldüsə, milli və bəşəri dəyərlərə xidmət etməklə o missiyanın həqiqi elçisinə və rəmzinə çevrildi.
Möhtərəm Mehriban xanım Əliyeva dünyanın gələcəyi naminə fərqli mədəniyyətlərə, dillərə və inanclara, rənglərə malik insanları dialoqa çağırdı. Dünyanın gözəlliyini və gələcəyini fərqlilikdə və bütövlükdə gördü. İnsanları güc və zor dili ilə deyil, mədəniyyət, sevgi, humanizm dili ilə münasibət qurmağa səslədi. Xalqımızın timsalında birgə yaşamağın mümkünlüyünü sübut etdi, ucalmağın və ucaltmağın, insanların inamını və etimadını qazanmağın, onlar üçün ümid yeri olmağın yolunu göstərdi.
İnsanlara “Kimsənsə, elə də olmalısan, bax, budur bizim həyatımız” deyə səslənərək, insanlara və insanlığa xidmət etməkdən zövq aldı. Mərhəmətin, məsuliyyətin, vicdanın Vətəninə və vətəndaşına xidmət etməyin təməl prinsipi olduğunu əməli ilə sübut etdi.
Respublikamızın Birinci vitse-prezidentinə ötən dövr ərzində ölkə daxilində, eləcə də beynəlxalq aləmdə böyük etimad göstərilmiş və bir sıra vəzifələrlə görəvləndirilmişdir. Bütün bu vəzifələrdə o, fəaliyyəti ilə, qazandığı şöhrətlə ölkəmizə və xalqımıza baş ucalığı gətirmişdir. Çünki onun həyat fəlsəfəsində vəzifə insanlara ləyaqətlə xidmət etmək üçün vasitədir. Vəzifənin böyük-kiçikliyi və ya ictimai-dövlət olması əsas ola bilməz. Bu baxımdan onun həyata keçirdiyi hər bir layihənin məqsədində və hədəfində dövlətinə, vətəninə, xalqına və insanlığa xidmət etmək olmuşdur. Möhtərəm Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunun qurucusu və sədri, Gimnastika Federasiyasının Prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri, I Avropa Oyunları və IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Sədri və nəhayət Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti kimi ali və mötəbər vəzifələrdə heç vaxt dəyişmədi. Əksinə sadəliyin və səmimiyyətin, kamilliyin əsl nümunəsi və hər kəsə sirdaş və ümid yeri oldu. Davranışlarındakı Möhtərəm Birinci vitse-prezidentimizə məxsus sadəlik və səmimilik onun hər zaman xalqın sadə bir nümayəndəsi kimi büruzə veridirdi. Sosial şəbəkələrdəki paylaşımında onun bütün titullardan uca bildiyi bir titulu görə bilirik: “Sizin Mehriban”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tariximizi zənginləşdirən bir çox ilklərə də imza atmışdı. Azərbaycan dövlətçilik tarixində ilk Birinci xanım, Birinci Xanım İnstitutunun yaradıcısı, ölkəmizin daxili və xarici siyasətində xüsusi rola malik və beynəlxalq aləmdə böyük nüfuza malik ilk və ən böyük qeyri-hökumət təşkilatı Heydər Əliyev Fondunun qurucu rəhbəri, Azərbaycanın dövlətçilik tarixində ölkəmizdən seçilmiş UNESCO və İSESCO-nun ilk azərbaycanlı Xoşməramlı Səfiri, həm UNESCO, həm də İSESCO-nun dünyada ilk Xoşməramlı Səfiri, I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk sədri, Hakimiyyətin Qanunverici qolundan İcra qoluna keçid edilərkən seçicilər və Qanunverici Hakimiyyət qarşısında hesabat vermək ənənəsinin təməlini qoyan ilk Dövlət Adamı.
Əsas odur ki, onun imza atdığı bu ilklər, ölkəmizdə və beynəlxalq aləmdə yüksək qiymətləndirilir və təqdir edilir. Bu gün ölkəmizdə və dünyada bir çox ilklərə imza atmış möhtərəm Mehriban xanım Əliyeva Azərbaycan dövlətçilik tarixində, xüsusilə də çağdaş dövlətimizdə Azərbaycan Respublikasının ilk Birinci vitse-prezidenti kimi də bir İlkdir. Bu ilklər çoxdur...
Sözsüz ki, xanım Mehriban Əliyavanın coxşaxəli və genişmiqyaslı fəaliyyətini bir yazıda qeyd etmək mümkün deyil. Necə deyərlər, görünən dağa nə bələdçilik....
Möhtərəm Birinci vitse-prezidentimiz ötən otuz il ərzində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından yorulmadı. Yüksək kürsülərdə Qarabağın, Xocalının, qaçqın və köçkün soydaşlarımızın eşidilməyən səsi və görməyənlərin gözü oldu. O, hər bir layihəsində “Qarabağ Azərbaycandır” dedi.
44 günlük Vətən müharibəsinin ən qızğın və təhlükəli günlərində xanım Mehriban Əliyavanın Ali Baş Komandanımızın ömür-gün yoldaşı, ən yaxın silahdaşı və Respublikamızın Birinci vitse-prezidenti kimi cəbhə bölgəsinə, işğaldan azad olunmuş ərazilərimizə səfəri şəksiz qələbəmizə inamı bir daha artırdı. Onun Ali Baş Komandanımızla bərabər etdiyi bu səfərlər sözün əsl mənasında düşmənə və onun havadarlarına göz dağı oldu. Qürurla deyə bilərik ki, Vətən müharibəsi dövründə, eləcə də müharibədən sonrakı bütün səfərlər, orada çəkilmiş video və fotolardakı onun məğrur və təmkinli görkəmi dünya mediasının baş xəbərinə çevrildi. Bu səfərlə o, cəsur Azərbaycan qadınının obrazını dünyaya bir daha bəyan etdi və bununla “Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır” dedi. O, hər səfəri ilə əsgər analarının ümid yeri və sarsılmaz dayağı oldu. Ürəyi daima şəhid analarının ürəyi ilə döyündü, onların göz yaşı onun göz yaşı oldu. O, müqəddəs Ana şəfqəti ilə qəhraman Qazilərimizin yarasına məlhəm oldu.
Möhtərəm Mehriban xanım Əliyevanın ən böyük arzusu sözsüz ki, respublikamızın ərazi bütövlüyünün bərpası Qarabağ torpaqlarının işğaldan azad edilməsi idi. O, Qarabağın tarixi şöhrətinin yenidən bərpası üçün kim bilir neçə-neçə möhtəşəm layihələr planlaşdırıbdır. Qarabağda keçiriləcək beynəlxalq tədbirlər və bu tədbirlərdən dünyaya sülh çağırışları, humanitar forumlar, Şuşada Xaribülbül festifalları və daha nələr... Bu gün xanım Mehriban Əliyava yeni məramla möhtərəm Prezidentimizlə gecəni gündüzə qataraq, ən yaxın zamanlarda Qarabağa böyük qayıdışın uğurla başa çatması və Qarabağın dirçəlişi naminə fədakarlıq göstərir. Onun rəhbərlik etdiyi və Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev Fondu işğaldan azad Qarabağda xalqımızın minillər boyu yaratmış olduğu mədəniyyətin özünə qayıtması üçün fədakarlıq göstərir. Erməni vandallarının viran qoyduğu ərazilərdə milli sərvətimiz olan Azərbaycan- Türk -İslam mədəniyyətinin və irsinin bərpası üçün o, yorulmadan silahdaşı Müzəffər Ali Baş Komandanımız, əvəzedilməz Liderimiz və Prezidentimiz möhtərəm İlham Əliyevlə görülən işlərə nəzarət məqsədilə ən əziz günlərdə belə Qarabağa səfər edir.
Əminik ki, Respublikamızın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyeva nəcib əməli, xoş niyyəti, tükənməz Vətən sevgisi, xalqına xidməti və yorulmaz fəaliyyəti ilə müasir dövlətçilik tariximizin şanlı və şərəfli səhifələrinə və xalqımızın yaddaşına əbədi yazılacaqdır.