Xəbərlər
Vətən müharibəsi şəhidi mayor İlkin Rzayevin anım günü qeyd olunub
Nizami rayonunda Vətən müharibəsi şəhidi mayor Rzayev İlkin Cəfər oğlunun anım günü qeyd olunub. Anım günü ilə əlaqədar Fəxri Xiyabanda şəhidin məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, "Missiya" media qrupunun rəhbərliyi, rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vətən müharibəsi və şəhid İlkin Rzayev haqqında danışanlar şəhidlərimizə Allahdan rəhmət diləyib, bütün hərbçilərimizə, qazilərimizə möhkəm cansağlığı, şəfa arzulayıblar.
Qeyd edilib ki, mayor İlkin Rzayev Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Kəlbəcərin işğaldan azad olunmasına görə medalları ilə təltif edilib.
Sonra Vətən müharibəsi şəhidi İlkin Rzayevin ruhuna dualar oxunub, məzarı üzərinə əklil, tər gül-çiçək dəstələri düzülüb.