Xəbərlər
Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində fəal mövqeyi təqdirəlayiqdir
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü
Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əlaqələri uğurla inkişaf edir. Çoxşaxəli xarakterə malik bu əməkdaşlığın tərəfləri arasındakı siyasi dialoqun intensivliyi, xüsusilə diqqət çəkir. Azərbaycan Aİ ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ən səmərəli dialoq quran ölkələr sırasında yer alır. Cari ilin yayında Aİ Şurasının Prezidenti Şarl Mişelin respublikamıza səfəri ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin açılmasına şərait yaratdı. Azərbaycanla Aİ arasında siyasi dialoqun intensivləşməsi isə ikitərəfli əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Səmərəli əməkdaşlığın hüquqi təminatçısı olaraq Aİ ilə Azərbaycan arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədini xatırlatmaq yerinə düşür. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxu artıq başa çatıb.
Tərəflər uzun illərdir ki, müxtəlif sahələrdə birlikdə işləyirlər. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Belə ki, ölkəmizin ticarətinin mühüm bir hissəsi Avropa İttifaqı ilə aparılır. Ötən il Azərbaycanın Aİ ilə ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları təşkil edib. Aİ-yə üzv dövlətlərdən olan 1700-dən çox şirkət ölkəmizdə uğurla fəaliyyət göstərir. Ölkəmiz, həmçinin Aİ-yə üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox böyük fəallıq göstərir. Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi sahədə əməkdaşlığın ən mühüm seqmentlərindən biri isə enerji sektorudur. Qürurverici haldır ki, hazırda respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artır. 3500 kilometr uzunluğu olan və XXI əsrin ən böyük infrastruktur layihələrindən sayılan Cənub Qaz Dəhlizinin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazı Avropa məkanına çatdırılır. Azərbaycan qazı artıq Aİ-nin üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan qazının ixrac coğrafiyası Aİ-nin digər üzv ölkələrinə genişləndirilə bilər. Azərbaycan ilə Aİ-nin 9 üzv dövləti, yəni, quruma üzv ölkələrin üçdə biri ilə strateji tərəfdaşlığa dair sənədlərin imzalanması əməkdaşlığın perspektivliyindən xəbər verir.
Milli maraqlara əsaslanan xarici siyasət kursu yürüdən Azərbaycan dövləti dünyanın aparıcı siyasi, iqtisadi qurumları ilə olduğu kimi, hərbi təşkilatları ilə də əlaqələrinin inkişafına xüsusi diqqət yetirir. Vurğulanmalıdır ki, Cənubi Qafqaz regionunun lideri qismində qəbul edilən Azərbaycan beynəlxalq aləmdə mühüm siyasi aktor, tərəfdaş qismində qəbul edilməkdədir. Bu mənada, ölkəmizin NATO ilə əlaqələri də xüsusi əhəmiyyət daşıyır. Avroatlantik Alyans ölkəmizlə etibarlı tərəfdaşlıq əlaqələrinə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun mənzil-qərargahına 2004-cü ildən bu günə qədər yeddi dəfə işgüzar səfər etməsi əməkdaşlığın dinamizmini göstərir. Azərbaycanın 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramında iştirakı böyük əhəmiyyət kəsb edir. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dair NATO-ya üzv dövlətləri tərəfindən bir daha dəstək ifadə olunub.
Azərbaycan praktiki müstəvidə NATO-nun müxtəlif missiyalarının həyata keçirilməsində yüksək fəallıq nümayiş etdirir. Bunun nəticəsidir ki, Brüsseldə baş tutan görüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidməti yüksək dəyərləndirilib. NATO-nun Baş katibi Yens Stoltenberq buna görə Azərbaycan Prezidentinə təşəkkürünü çatdırıb. Qeyd edilməlidir ki, Azərbaycan hərbçiləri Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində müstəsna rol oynayıb və Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçilərindən olub. Bununla yanaşı, Azərbaycan NATO-nun hərbi təlimlərində mütəmadi iştirak edir. NATO-nun aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız cari ildə yeddi birgə hərbi təlim keçirilib. Sözügedən təcrübə regionda sülh və sabitlik işinə xidmət edir.
NATO ölkələri ilə Azərybaycan arasındakı ikitərəfli əlaqələr də xüsusi qeyd edilməlidir. Belə ki, bu gün Avropanın enerji təhlükəsizliyin təmin olunmasında mühüm rola malik olan Azərbaycan 20-yə yaxın NATO ölkəsinə neft ixrac edir. Bundan başqa, Alyansın 4 ölkəsi, o cümlədən Türkiyə Azərbaycandan qaz idxal edir və gələcəkdə bu ölkələrin coğrafiyası genişlənə bilər. Bu, bir daha Azərbaycanın enerji təchizatı sahəsində etibarlı tərəfdaş olduğunu təsdiqləyən amildir.
Dünyanın aparıcı beynəlxalq təşkilatlarından olan Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində fəal mövqeyi təqdirəlayiqdir. Bu baxımdan Aİ Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən üçtərəfli görüş mühüm məqamları ilə yadda qaldı. Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində çıxışı zamanı bildirdi ki, Aİ-nin təşəbbüsü ilə aparılan danışıqlar praktiki əhəmiyyət daşıyır. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirəsi səmərəli və praqmatik keçir.
Soçi görüşünün ardından Brüsseldə baş tutan üçtərəfli görüş Azərbaycanın milli maraqlarına xidmət edən razılıqların əldə olunması ilə nəticələndi. Görüşdə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsi və Aİ tərəfindən bu istiqamətdə texniki yardımın göstərilməsi müzakirə predmeti oldu. Eləcə də, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılıq əldə edilib. Görüşdə kommunikasiya və nəqliyyat xətlərinin açılması, o cümlədən Ermənistan ərazisindən dəmir yolu xəttinin çəkilməsi, gömrük, sərhəd nəzarət məsələlərinin və avtomobil yolunun marşrutu qarşılıqlı prinsip əsasında təmin olunması məsələləri də müzakirə olundu. Aİ Şurasının prezidenti Şarl Mişelin üçtərəfli görüşün nəticələrinə həsr olunan bəyanatında da Azərbaycanın haqlı mövqeyi bir daha öz təsdiqini tapdı. Bəyanatda Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılması və Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasının vacibliyinin vurğulanması, o cümlədən 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməli olmasının əks edilməsi bir daha onu göstərir ki, Aİ predmetli danışıqların tərəfdarıdır. Bu bəyanat həm də Avropa İttifaqının Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı və yeni birgə iqtisadi əməkdaşlıq platformasının yaradılmasını dəstəklədiyini göstərir.