Xəbərlər
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

YAP Xətai rayon təşkilatı Zığ yolu 41c ünvanında yerləşən ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib. Hesabat məruzəsi dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyəti qiymətləndirilib.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yığıncaqda çıxış edərək bildirib ki, müstəqilliyinin bərpasının 30-cu ilini arxada qoyan bugünkü Azərbaycanı müstəqilliyimizin ilk illərinin Azərbaycanı ilə müqayisə etmək mümkün deyil. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı yenidən qurdu.
V.Rəhimzadə qeyd edib ki, xalqımızın Ümummilli Liderə və onun rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasına bəslədiyi ümidlər özünü tamamilə doğrultdu: «Qısa zaman kəsiyində o zaman Azərbaycanda tüğyan edən xaos, anarxiya aradan qaldırıldı, ölkənin iqtisadiyyatında baş verən tənəzzülün, insanların rifah halının pisləşməsinin qarşısını almaq üçün ciddi addımlar atıldı. Həmçinin davamlı islahatlar həyata keçirildi, erməni təcavüzünün qarşısı alındı, separatizm meyilləri aradan qaldırıldı və ölkəmiz bugünkü inkişafa gəlib çatmaq üçün çox gözəl əlverişli mühit əldə etdi.»
«2003-cü ildən başlanan yol Heydər Əliyev yolunun davamıdır» söyləyən Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan bu müddətdə möhkəm təməl üzərində inamla irəliləyərək daha möhtəşəm uğurlara imza atıb: «Tarixi Qələbəmiz görülən işlərin, əldə olunan uğurların təqdimatıdır. Azərbaycanın iqtisadi tərəqqisi, siyasi müstəqilliyi, güclü, qüdrətli ordusu, beynəlxalq nüfuzu 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününün tariximizə Zəfər səhifələri kimi yazılmasına yol açdı. Azərbaycan dünyanın hərb tarixinə yeni səhifə yazdı.»
Yeni Azərbaycan Partiyasının bütün dövrlər üçün aktuallığını qoruyan «Güclü dövlət, yüksək rifah» prinsipi əsasında atdığı addımlardan geniş bəhs edən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, hazırda sıralarında 16 mindən artıq üzvü birləşdirən rayon təşkilatı Zəfərimizin yaratdığı reallıqların qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə öz töhfələrini verməyə səy göstərir.
Sonra hesabat seçki-yığıncağında təşkilati məsələyə baxılıb.
Qağaməli Seyfullayev Zığ yolu 41c ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Əli Qurbanov isə sədr müavini seçiliblər.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkibə gələcək fəaliyyətində uğurlar arzulayıb.