Xəbərlər
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 ili tamam olur
Milli Məclisin deputatı
Rauf Əliyev
2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.
XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Azərbaycan Ali Sovetinin1991-ci il oktyabrın 18-də keçirilən növbədənkənar sesiyasında tarixi sənəd–“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”Konstitusiya Aktı qəbul edildi.
Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. 70 il ərzində Azərbaycanın da daxil olduğu Sovetlər birliyinin dağılması, Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti müstəqilliyimizin bərpasına böyük təhlükə törədirdi.
Müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin artan təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyindəki səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin itirilməsi təhlükəsini yaratmışdı. Əslində müstəqilliyin elan olunmasından daha vacib olan müstəqilliyin qorunması idi. Məhz müdrik Azərbaycan xalqının tələbi ilə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca iqtisadiyyatda sərbəst iqtisadiyyat prinsipləri əsas götürülməyə başlandı. Nəticədə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir. Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Keçən dövür ərzində cənab Prezident İlham Əliyevin ölkə iqtisadiyyatında qeyri-neft sektorunun xüsusu çəkisinin artırılması ilə bağlı müəyyənləşdirdiyi və həyata keçirilən siyasət öz uğrlu nəticələrini verməkdədir.Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərıə səhiyyə ocağının, mülicə-dioqnostika mətkəzlərinin inşası səhiyyə sisteminin inkişafına,minlərlə məktəbin tikilməsi, yenidən qurulması və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi tənsil sahəsinin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.
2003-cü ildən Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər, silahlı qüvvələrimizin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən çoxtərəfli balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktyoruna, eləcə də dünyanın yüksək nüfuza malik dövlətlərindən birinə çevrilmişdir.
Müstəqillik dövrünün ən böyük uğurlarından biri Azərbaycanda ictima-siyasi sabitliyin yaradılmasıdır. Ölkə başçısının siyasi iradəsi nəticəsində daha da güclənən Azərbaycan sosial dövlətə çevrilmişdir. Bunun nəticəsində insanlarımız rifah içindəyaşayır və onların rahat yaşaması üçün hər cür şərait və imkanlar mövcuddur. Biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik.
Müstəqillik dövrünün ən böyük, tarixi uğuru isə Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində əldə olunan tarixi Zəfər nəticəsində torpaqlarımızın düşmən işğalından azad edilməsidir.
Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən naliyyətlərin bir hədəfi var idi- işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayraqlarımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü və qəhrəmanlığı nəticəsində Zəfərlə sona çatdı.
Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində, həmçinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurəti yarandı.
Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təsdiq etdiyi “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununu ilə 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə Müstəqilliyin Bərpası günü elan edilmişdir.
28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tam hüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcəkdir.