Xəbərlər
Yanvar ayında Azərbaycandan Gürcüstana 3,3 milyon dollarlıq elektrik enerjisi idxal olunub
Cari ilin yanvar ayında Gürcüstandan Azərbaycana mal ixracı 2014-cü ilin yanvar ayı ilə müqayisədə 23 faiz və ya 8,6 milyon dollar azalaraq 28,5 milyon dollar təşkil edib. Bu da Gürcüstanın xaricə mal ixracının 18,2 faizi qədərdir.
Gürcüstan Milli Statistika Xidmətindən verilən məlumata görə, yanvarda bu ölkədən Azərbaycana 13,7 milyon dollar həcmində minik avtomobili ixrac olunub, bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6,7 milyon dollar azdır.
Gürcüstandan Azərbaycana idxal olunan armaturun həcmi isə 2014-cü ilin yanvar ayı ilə müqayisədə 1,4 milyon dollar artaraq 4 milyon dollara yüksəlib.
Hesabat dövründə Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların həcmində də azalma müşahidə olunub. Bu ilin yanvarında Azərbaycandan bu ölkəyə 51 milyon dollar həcmində mal gətirilib, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azdır. Yanvar ayında Azərbaycandan gətirilən məhsul, Gürcüstanın ümumi idxalının 9,4 faizini təşkil edib.
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə yanvar ayında Gürcüstan 57 min ton, mütləq ifadədə 35,7 milyon dollarlıq karbohidrogen idxal edib. Bu, 2014-cü ilin yanvar ayı ilə müqayisədə 7,5 milyon dollar azdır.
Hesabat dövründə Azərbaycandan bu ölkəyə 764 ton və ya 6,7 milyon dollarlıq neft və neft məhsulları ixrac olunub, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 milyon dollar çoxdur. Yanvar ayında Gürcüstan Azərbaycandan 3,3 milyon dollarlıq elektrik enerjisi idxal edib. Ötən ilin yanvarında Gürcüstan Azərbaycandan elektrik enerjisi idxal etməyib.
Məlumatda deyilir ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşları sırasında ikincidir. Yanvar ayında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 79 milyon dollardan çox olub, amma bu ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azdır.
Bununla belə Azərbaycan ilə ticarət dövriyyəsi Gürcüstanın ümumi xarici ticarətinin 11,4 faizini təşkil edib.