YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Müharibənin başlanmasında ən böyük məsuliyyət Ermənistanın və onu vaxtında dayandırmayan böyük dövlətlərin üzərinə düşür

İkinci Qarabağ müharibəsinin başlanmasında ən böyük məsuliyyət Ermənistanın və eyni zamanda, onu vaxtında dayandırmayan böyük dövlətlərin üzərinə düşür.

Bu fikri Prezident İlham Əliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində müharibənin qarşısının alınması imkanlarından danışarkən səsləndirib.

“Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır. Məgər, onların siyasi çəkisi, siyasi imkanları olmayıb ki, Ermənistana bu ciddi mesajları göndərsinlər? Sadəcə olaraq, nə hərb, nə sülh siyasətinə üstünlük verirdilər”, - deyə dövlətimizin başçısı qeyd edib.

Minsk qrupunun həmsədrlərinə və digər böyük dövlətlərə Ermənistana sanksiyalar tətbiq edilməsi barədə dəfələrlə müraciət etdiyini xatırladan Azərbaycan Prezidenti deyib: “Bu da savaşın qarşısını ala bilərdi. Çünki bu sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub bizim torpağımızdan çıxacaqdılar. Yəni, biz bütün imkanlardan istifadə etdik ki, bunu sülh yolu ilə çözək, müharibə olmasın, qan tökülməsin. Ancaq bununla bərabər, mən deyirdim ki, biz bu vəziyyətlə barışmayacağıq. Nəyin bahasına olursa-olsun öz torpağımızı azad edəcəyik və sadəcə olaraq, şans verirdik”.

Prezident İlham Əliyev deyib ki, Ermənistanın 2018-ci ildə hakimiyyətə gəlmiş yeni rəhbərliyinin yersiz və çox məsuliyyətsiz açıqlamaları faktiki olaraq müzakirə prosesini iflic etdi: “Belə olan halda, Minsk qrupu daha müsbət, daha da cəsarətli addımlar atmalı idi. Onlar isə sadəcə olaraq, müşahidə edirdilər, sadəcə olaraq, buna müşahidəçi kimi yanaşırdılar. Ona görə, İkinci Qarabağ müharibəsinin başlanmasında, əlbəttə ki, ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür, eyni zamanda, Ermənistanı vaxtında dayandırmayan böyük dövlətlərin üzərinə düşür”.