Xəbərlər
Cəbi Quliyev: Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə müəyyən ediləcək

“Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar təsdiq edildi. Lazımlı təkliflər verildi və bu istiqamətdə geniş müzakirələr oldu”.
Bunu Milli Məclisin deputatı Cəbi Quliyev “Yeni TV”nin canlı yayımında bildirib.
“Yeni çağırışlara görə, yeni əlillik prosedurunun formalaşdırılması, dövlət qanununun yenidən yazılması istiqamətində işlərin aparılmasının vacibliyi bundan öncə komitələrdə müvafiq qanun layihəsinin müzakirəsində vurğulanırdı. Qeyd edim ki, layihəyə dəyişiklik birinci oxunuşda bu gün qəbul olundu. Yeniliyə əsasən, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq. Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq. Bu, dünyanın bir çox ölkəsində ən müasir metod kimi qəbul olunub. Bu gün Azərbaycanda da bu prosesi tətbiq etmək həm də saxta əlillik alan insanlarla mübarizə istiqamətində yeni imkanlar yaradacaq. Bundan sonra iki və üçüncü oxunuşlarda da bu sahə ilə bağlı geniş müzakirələr olacaq. Əminliklə deyə bilərəm ki, yeni formatda yaradılan, yeni tələblərə uyğun formalaşdırılan qanun saxta əlilliyə qarşı mübarizədə, eyni zamanda bu prosesdə ədalətli qərarların verilməsi üçün yeni zəmin yaratmış olacaq”, - deyə C.Quliyev vurğulayıb.