Xəbərlər
Sevinc Hüseynova: Azərbaycan koronovirus pandemiyası ilə mübarizədə ən öndə gedən ölkələrdən biridir. #EvdəQal, #BizBirlikdəGüclüyük
“Bu gün bütün dünya koronovirus pandemiyası ilə mübarizəyə səfərbər edilib. Azərbaycan bu prosesdə ən öndə gedən ölkələrdən biridir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, ölkəmizdə koronovirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən sistemli addımlar atılır. Onun sözlərinə görə, xüsusi karantin rejiminin tətbiq olunması da bu məqsədə xidmət edir.
Millət vəkili söyləyib ki, koronovirusun vur biləcəyi zərərin qarşısının alınması üçün dövlət başçısının tapşırığına əsasən Nazirlər Kabineti müvafiq Tədbirlər Planı təsdiqləyib. Məqsəd vətəndaşların sosial müdafiəsini tam təmin etməkdir. Görülən bu işlərin fonunda vətəndaşlar karantin rejiminin qaydalarına əməl etməlidir.
S.Hüseynova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı zamanı Azərbaycan xalqına müraciətində də karantin rejiminə riayət edilməsinin zəruriliyini bir daha vurğuladı: “Prezident İlham Əliyev bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun. Dövlətimizin başçısı qeyd edib ki, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Cənab Prezident vətəndaşlara müraciətlə söyləyib: “Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”. Hər bir vətəndaşımız Prezident İlham Əliyevin çağırışına ciddi şəkildə əməl etməlidir. Əməl olunmalıdır ki, hökümətimizin göstərdiyi səylər öz nəticəsini versin, koronovirus bəlasından tezliklə xilas ola bilək”-deyə, deputat qeyd edib.