YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Ölkəmizdə sosial müdafiə tədbirləri uğurla həyata keçirilir

«Ötən dövr Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, dövlət proqramlarının icrasının uğurla davam etdirilməsi ilə yanaşı, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edən çoxsaylı tədbirlərin həyata keçirilməsi ilə əlamətdardır». Bu fikri YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, həyata keçirilən düşünülmüş sosial siyasət əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, xüsusən aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən birini də əhalinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir.

«Elə buna görə də neçə illərdir geniş miqyasda həyata keçirilən sosial müdafiə tədbirləri hətta dünya iqtisadiyyatının böhranlı günlərində belə uğurla davam etdirilib. Ölkəmizdə aztəminatlı əhaliyə ünvanlı sosial yardımların verilməsindən başlamış əlillərin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına qədər bütün sosial müdafiə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycanın sürətli iqtisadi inkişafı və büdcə gəlirlərinin davamlı artımı sosial xərcləri də müntəzəm artırmağa, yoxsulluğun səviyyəsini son 16 ildə dəfələrlə aşağı salmağa, sosial təminat sistemini möhkəmləndirməyə imkan yaradıb»- deyə, İ.Məmmədov qeyd edib.