YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maliyyə Nazirliyi və Dünya Bankı sektor strateji planların hazırlanmasına dair seminar təşkil edib

Martın 4-də Dünya Bankının “Azərbaycanda Ortamüddətli Planlaşdırmanın Gücləndirilməsi” texniki yardım layihəsi çərçivəsində Maliyyə Nazirliyinin və bankın birgə təşkilatçılığı ilə “Nəticəəsaslı büdcə planlaşdırmasına keçid çərçivəsində sektor strateji planlarının hazırlanması” mövzusunda seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, seminarda Azərbaycanda ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə planlamasına keçid, təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sektorları üzrə strateji planların hazırlanması mövzuları ətrafında müzakirələr aparılıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Maliyyə, İqtisadiyyat, Kənd Təsərrüfatı, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, beynəlxalq qurumların nümayəndələri, iqtisadçı-alim və mütəxəssislərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Maliyyə nazirinin müavini Azər Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlardan bəhs edib, bu tədbirlərin iqtisadiyyatda şəffaflığın və dövlət tənzimləməsinin səmərəliliyinin artırılmasında, vətəndaşlarımızın rifah halının yüksəldilməsində mühüm rol oynadığını qeyd edib.

A.Bayramov Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” və digər müvafiq sənədlərə əsasən, ortamüddətli xərclər çərçivəsinin hazırlanmasına dair qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən dövlət xərclərinin səmərəliliyinin və ünvanlılığının artırılmasını təmin edən nəticəəsaslı büdcə tərtibi mexanizminə keçidlə bağlı görülən işlər barədə ətraflı məlumat verib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvi çıxış edərək bankın Azərbaycan hökuməti, o cümlədən Maliyyə Nazirliyi ilə birgə həyata keçirilən layihələrindən bəhs edib. O bildirib ki, Dünya Bankı “Azərbaycanda Ortamüddətli Planlaşdırmanın Gücləndirilməsi” texniki yardım layihəsi çərçivəsində ortamüddətli xərclər çərçivəsinin tətbiqi, nəticəəsaslı büdcə mexanizminə keçidin reallaşdırılması istiqamətində Maliyyə Nazirliyinə ardıcıl olaraq dəstək göstərir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Təhsil nazirinin müavini İdris İsayev və digərləri çıxış edərək OMXÇ-nin tətbiqinin əhəmiyyətindən bəhs edərək bu yeni mexanizmin dövlətin maliyyə resurslarının proqramlar və konkret nəticələr əsasında bölgüsünə və istifadəsinə imkan verəcəyini qeyd ediblər.

Tədbirdə pilot sektorlar olaraq müəyyən edilmiş təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sektorları üzrə strateji planların tərtibi ilə bağlı Dünya Bankının ekspertləri və Maliyyə Nazirliyinin OMXÇ-nin hazırlanması mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış təqdimatlar dinlənilib.

Qeyd edək ki, seminarın davamı olaraq, martın 5-6-da Dünya Bankının Azərbaycandakı nümayəndəliyində Dünya Bankının ekspertləri və Maliyyə Nazirliyinin OMXÇ-nin hazırlanması mərkəzinin əməkdaşları tərəfindən Təhsil, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin sektor strateji planlarının hazırlanması üzrə alt-işçi qruplarına praktiki təlimlər təşkil ediləcək və bu planların ilkin layihələri birlikdə təkmilləşdiriləcək.