Xəbərlər
Əli Əhmədov: Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək ən uğurlu ölkə adını hələ uzun illər qoruyacaq
“Dekabr ayının 12-si ümummulli lider Heydər Əliyevin anım günüdür. Bu dahi insanın əbədiyyətə qovuşmasından keçən 16 il ərzində insanlar heç zaman onun yoxluğunu hiss etməyiblər. Özü bir neçə dəfə qeyd etmişdi ki, nə qədər Azərbaycan varsa, o da olacaq. Keçən 16 il bu sözlərin böyük həqiqət olduğunu sübuta yetirdi. Başqa bir reallıq, bəlkə də həqiqət ondan ibarətdir ki, Heydər Əliyevin anım gününün qeyd edilməsi Azərbaycanda insanları birləşdirmək gücünə malik olan dövlətçilik ənənəsinə çevrilib. Onun həm doğum, həm də anım gününün insanlar tərəfindən böyük hörmət və ehtiramla qeyd edilməsi, əslində Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir.” Bu fikirləri Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov öz şəxsi facebook səhifəsində yayımladığı “Heydər Əliyev – xalqın ehtiram ünvanı” sərlövhəli məqaləsində bildirib.
Əli Əhmədov qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik illəri ölkəmizin taleyinin və gələcəyinin təyin olunmasında həmişə həlledici rol oynayıb. Sovetlər dönəmində Onun Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə əzəmətli sıçrayış və yeniləşmə illəri kimi daxil olub. Məhz Onun müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bildi. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl respublikaya çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdı. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını artırdı, milli özünüdərk hissi gücləndi, mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük nailiyyətlər əldə edildi. Bakının milli siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən idarəçilikdə, mədəniyyətdə milli kadrlar yetişdirildi, milli ruhun yüksəlişi təmin edildi. Bu, əslində Azərbaycanın intibah dövrü idi və o zaman yaradılan bünövrə ölkənin gələcək taleyində müstəsna rol oynadı.
“Heydər Əliyevin misilsiz tarixi missiyası ölkəmizin müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə özünü daha qabarıq şəkildə biruzə verib. Azərbaycan xalqı əvəzsiz xidmətlərinə görə Ümummilli lideri xilaskar adlandırmışdır və hesab edirəm ki, bu, tamamilə məntiqli və ədalətlidir. Heç şübhəsiz, Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyin qorunub saxlanması, onun əbədi və dönməz xarakter alması müstəsna olaraq Heydər Əliyevin xidməti sayılmalıdır və sayılır. 1993-cü ildə Onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əminamanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı.
Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı.”-deyə, Əli Əhmədov vurğulayıb.
Baş nazirin müavini Əli Əhmədov daha sonra qeyd edib: “Bu gün istər ölkə daxilində, istər ölkədən kənarda hamı Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin memarı sayır. Qeyd olunmalı əsas məqam isə odur ki, Heydər Əliyev siyasəti onun dünyasını dəyişməsindən sonra da ölkənin inkişafının, müasirləşməsinin və yeniləşməsinin əsasını təşkil edir. 2003-cü ildən bu günə qədər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm inkişafında bu siyasət həlledici rol oynayıb və oynamaqdadır. Məhz bu siyasətin uğurla və yaradıcılıqla həyata keçirilməsi sayəsində Azərbaycanın iqtisadiyyatı son 15 ildə 3,6 dəfə artıb, yoxsulluq 49 faizdən 5 faizə enib, insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlib, ölkənin hərbi qüdrəti müqayisəedilməz dərəcədə güclənib. Azərbaycanın müasirləşməsi, yeniləşməsi baş verib, şəhər və kəndlərin siması kökündən dəyişib. Bu gün Azərbaycan dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur, onun parlaq gələcəyinə hamı inanır. Ölkəmizin beynəlxalq nüfuzunun artması, mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə qərar tutması insanların qürur mənbəyinə çevrilib.
Azərbaycan inkişaf edir, yenilənir, müasirləşir. Son vaxtlar uğurla həyata keçirilən islahatlar ölkəni inkişafın keyfiyyətcə yeni mərhələsinə aparır. Qarşıda böyük hədəflər dayanır. Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək ən uğurlu ölkə adını hələ uzun illər qoruyacaq. Vaxtilə Heydər Əliyev deyirdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Əslində bu artıq bir həqiqətdir. Ona görə də ölkədə uşaqdan böyüyə qədər hamı o dahi insanı unutmur, onun xatirəsini həmişə əziz tutur.”