YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Mərkəzi Avrasiyada nəqliyyat və logistikanın gələcəyi” mövzusunda konfrans keçirilir

Noyabrın 28-də ADA Universitetində “Mərkəzi Avrasiyada nəqliyyat və logistikanın gələcəyi” mövzusunda konfrans işə başlayıb.

Konfransın açılışında çıxış edən ADA-nın rektoru, səfir Hafiz Paşayev bildirdi ki, universitet 2012-ci ildə “Azərbaycan Avrasiyada regional nəqliyyat mərkəzi kimi” adlı tədqiqat layihəsi həyata keçirib və eyni adlı kitab nəşr etdirib. Bugünkü konfrans da həmin layihənin davamıdır. Konfransda Şərq-Qərb nəqliyyat dəhlizinin inkişaf istiqamətləri və digər aktual məsələlər Azərbaycan, Türkiyə, Gürcüstan, Pakistan, İran, Əfqanıstan, Özbəkistan, Türkmənistan, ABŞ, Qazaxıstan və Hindistan nümayəndələrinin iştirakı ilə araşdırılacaq.

“Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaq”, - deyən H.Paşayev Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin əhəmiyyətindən də bəhs etdi.

Baş nazirin müavini Abid Şərifov Azərbaycanın nəqliyyat sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayaraq, BTQ layihəsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu dəmir yolunun Azərbaycan üçün ölçüyəgəlməz dərəcədə böyük əhəmiyyəti var.

Nəqliyyat nazirinin müavini Musa Pənahov çıxışında vurğuladı ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan onun nəqliyyat və logistika mərkəzi kimi önəmini artırır. Odur ki, bu sahədə elmi araşdırmalara ehtiyac yaranıb. BTQ dəmir yolunun Türkiyə sərhədinədək olan hissəsində tikinti işlərinin ilin sonunadək başa çatdırılacağını, gələn il isə yolun tam istifadəyə veriləcəyini bildirən M.Pənahov qeyd etdi ki, “Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə daşımaların yüksək səviyyədə həyata keçirilməsi üçün dəmir yollarının yenidən qurulması və digər sahələrdə böyük işlər görülüb.

Konfransda Orta və Cənubi Asiya ölkələrindən nəqliyyat məsələləri üzrə mütəxəssislər və alimlər iştirak edirlər.