Xəbərlər
“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıda “Future Shorts” film festivalının yaz mövsümü keçiriləcəkdir
Mayın 15-də “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Yaşıl Teatrda “Future Shorts” - dünyanın ən iri qısametrajlı film festivalının yeni yaz toplusu nümayiş etdiriləcəkdir.
“YARAT” Müasir İncəsənət Məkanından bildirmişlər ki, hazırda festival 90 ölkə, 300 şəhər, 6 qitəni əhatə edərək il ərzində 1.400 nümayiş təklif edir.
Mövcud olduğu 10 ildə festival Finlandiyadan Meksikayadək böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanmışdır. Festival dünya boyu peşəkarlara və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.
“Future Shorts” festivalının yaz mövsümündə 7 film nümayiş etdiriləcəkdir.
Rejissor Frederik Kasellanın “Tutinin toyu” (2011, Böyük Britaniya) 18 dəqiqə 30 saniyə davam edən dram və romantik komediyadır. Piter həmişə gözəl sirena Tutiyə aşiqdir. Lakin itlərlə danışmaq bacarığını düşünən Elison adlı antisirena ilə evlənir. Buna görə də toy günü ərəfəsindəki gecədə Tuti Piter ilə eşqbazlıq edərkən ümidsiz Piter onların bir-birinin taleyi olduqları qərarına gəlir. Film 2012-ci ildə Sundance, Bermuda Beynəlxalq, Komediya Klubu film festivallarında nümayiş etdirilmişdir. Həmçinin ən yaxşı komediya və qısametrajlı film kimi “Qran-pri” mükafatına layiq görülmüşdür.
Rejissor Anna Franses Evertin “Heç hara” sənədli filmi (2011, Böyük Britaniya) 15 dəqiqə davam edir. Bu film böyük sevgi ilə oyun və təxəyyül vasitəsilə reallığın çərçivələrini kəşf edən və yoxlayan uşaqların heyrətini ifadə edir. Əsər San-Fransiskoda ən yaxşı sənədli film üçün verilən “Golden Gate”, eləcə də 2011-ci ildə Beynəlxalq Film Festivalında və 2010-cu ildə Edinburq İncəsənət Kollecində uğurla nümayiş etdirilmişdir.
Rejissor Neş Edgertonun “Kapitan” filmi (2013, Avstraliya) 6 dəqiqəlik dram və komediyadır. Təyyarə pilotu qəzanın qalıqları arasında böyük təlatüm içərisində oyanaraq öz hərəkətlərinin nəticələri ilə üz-üzə gəlir. Flickerfest Beynəlxalq qısametrajlı, Sundance, Florida, Sarasota, Melburn, Kalgari film festivallarında nümayiş olunmuşdur.
Rejissor Şarlotta Millerin “Svamp” (“Göbələk”) filmi (2011, İsveç) 8 dəqiqə 20 saniyəlik dram və tutqun romantik komediyadır. Sevgilisi tərəfindən tərk edilmiş Ketrin özünün baxımsız evində biganə oturarkən əri vəfat etmiş yaşlı qadın ətrafa dağıdıcı enerjisini səpələyir. Qoca qadının güclü hisslərindən təsirlənən Ketrin keçmiş sevgilisi ilə görüşmək qərarına gəlir. Film 2012-ci ildə Sundance film festivalında iştirak etmişdir.
Musa Seyidin “Böyük ev” filmi (2013, Yəmən) 4 dəqiqə 40 saniyə davam edən qısa hekayətdir. Yəmənli oğlan küçənin sonunda olan boş iqamətgaha daxil olarkən böyük evdə özünə və öz vəhşi xəyallarına çıxış imkanı verir. Film Sundance, Los-Anceles, Sietl, Dubay film festivallarında nümayiş etdirilmişdir.
Rejissor Konor Finneqanın “Uçma qorxusu” animasiyası (2013, İrlandiya) 9 dəqiqə 8 saniyə davam edən komediyadır. Douqal uçma qorxusu olan kiçik bir quşdur. Gecələr o, davamlı şəkildə yerə yıxılma kimi qarabasmalardan əziyyət çəkir, gündüzlər isə bu qorxu ilə üzləşməmək üçün ona lazım olan hər yerə ayaqla gedir. Sərt qış gəldikdə Douqal Cənuba köçməlidir, lakin necə?
İki il əvvəl LA Qısametrajlı film festivalında ən yaxşı animasiya, Gənc Rejissorlar Forumunun Qlasqoda keçirilən Kristal festivalında auditoriya mükafatlarına layiq görülmüşdür. Həmçinin, “Animade 2013”, “Provincetown” Beynəlxalq film festivalında ən yaxşı animasiya mükafatlarını qazanmışdır.
Rejissor Kibve Tavaresin “Yonah” filmi (2012, Böyük Britaniya) 17 dəqiqə 41 saniyə davam edən dram və 3D animasiyasıdır. Zənzibar çimərliklərinin sakini Mbvana adlı oğlan gələcək barədə ümidverici xəyallara qapılaraq öz kiçik şəhərciyini cazibədar turistik mərkəzə çevrildiyi barədə mif yayır. Lakin reallığın onun arzularından çox uzaq olduğunu anladıqda o, ya şəhərciyi, ya da özünü məhv etmək qərarına gəlir. Əsər ötən il Sundance film festivalında göstərilmiş, həmçinin ən yaxşı qısametrajlı film nominasiyasında Böyük Britaniya Müstəqil Film Mükafatına layiq görülmüşdür.