Xəbərlər
“Şanlı Zəfərimiz - əbədi qürurumuz”
Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkilat nəzdində fəaliyyət göstərən “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin “Şanlı Zəfərimiz – əbədi qürurumuz” mövzusunda növbəti məşğələsi keçirilib.
Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər müasir Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun yenilməzliyini bir daha sübut edib. O vurğulayıb ki, bu cür məşğələlər gənc nəslin milli ruhda tərbiyə olunması, dövlətçilik ideyalarına sədaqət və vətənpərvərlik duyğularının möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə Qusar Rayon Prokurorunun köməkçisi Gülçöhrə Kərimzadə, Suvacal kənd tam orta məktəbin direktoru Şəfiqə Qiyasova və digər natiqlər Vətən müharibəsində əldə edilən şanlı Qələbədən, Konstitusiyamızın dövlətin əsas qanunu kimi əhəmiyyətindən danışıblar.
Diskussiya şəraitində keçən məşğələdə gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb. Tədbirdə iştirak edən II Qarabağ müharibəsi qaziləri keçdikləri döyüş yolu barədə şagirdlərlə təəssüratlarını bölüşüblər.
Məşğələ çərçivəsində iştirakçılar Qusar Rayon Heydər Əliyev Mərkəzinin muzey bölməsində “Ulu Öndər Heydər Əliyev və Qusarlılar” kataloqundan Ümummilli Liderin hərbçilərlə olan fotoeksponatları ilə tanış olublar.
Sonda məşğələ iştirakçılarına Hadrut şəhərinin düşmən işğalından azad olunması əməliyyatından bəhs edən “Hadrut” filmi nümayiş etdirilib.
