Xəbərlər
Dmitri Savelyev: Xalq öz vədini şərəflə yerinə yetirən İlham Əliyevə inanır
42 yaşında ölkə Prezidenti olmaq, xüsusən hakimiyyət sükanını respublikanı uçurumdan xilas etmiş milli lider Heydər Əliyevdən qəbul etmək böyük məsuliyyətdir.
Bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib.
Deputat əlavə edib: “İlham Əliyev atasının siyasətini davam etdirərək və Azərbaycanı müstəqil iqtisadiyyatı olan müasir dövlətə çevirərək bu imtahandan alnıaçıq çıxa bildi. Ölkə son 15 ildə planeti özünün inkişaf tempi ilə heyrətləndirərək bir-birinin ardınca dünya rekordlarına imza atır: burada işsizlik və yoxsulluq beynəlxalq miqyasda ən aşağı səviyyədədir. Dünya Davos İqtisadi Forumunun son Qlobal rəqabətqabiliyyətlik hesabatında Azərbaycan 35-ci yeri tutur”.
D.Savelyev vurğulayıb ki, Azərbaycan energetika sahəsində bir sıra transmilli layihələr həyata keçirib, iqtisadiyyatın neft sektorunda gücünü artırır və öz nəqliyyat infrastrukturunu fəal şəkildə inkişaf etdirir.
Deputat qeyd edib: “Bütün dünya ictimaiyyəti Azərbaycanı regional, beynəlxalq və qlobal əməkdaşlığa hazır olan ciddi tərəfdaş kimi görür. Onun xarici siyasəti öz milli maraqları ilə digər ölkələrin mənafeləri arasında düşünülmüş balansa əsaslanır. Respublikada mədəniyyətlərarası və dinlərarası dialoq həmişə güclü olub. Bu gün isə Azərbaycan multikulturalizm dəyərlərini bütün planetdə yayır. Azərbaycan müsəlman aləmində də güclü mövqeyə malikdir, eyni zamanda Avropa strukturları ilə də fəal qarşılıqlı fəaliyyət göstərir”.
D. Savelyev əlavə edib: “Rusiya ilə münasibətlər Azərbaycanın ən yeni tarixinin ayrıca parlaq səhifəsidir, axı İlham Əliyev Rusiya-Azərbaycan strateji tərəfdaşlığının ardıcıl inkişafı istiqamətində səylər göstərir. Onun Prezident Putinlə etimada söykənən münasibətləri qarşılıqlı anlaşmaya kömək edir, birgə iqtisadi layihələrin və möhkəm humanitar əlaqələrin təməlini təşkil edir”.
O vurğulayıb ki, dövlət başçısı vəzifəsinin icrasına başladığı ilk vaxtlarda İlham Əliyev milliyyətindən, dini mənsubiyyətindən və siyasi mövqeyindən asılı olmayaraq “bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidenti” olmağı vəd edib. D.Savelyev deyib: “Və xalq ona inanır, çünki İlham Əliyev artıq dördüncü müddətdir ki, doğma ölkəsinin naminə qüsursuz prezidentlik fəaliyyətində öz vədini şərəflə yerinə yetirir”.