Xəbərlər
Hikmət Babaoğlu: Gürcüstanla Azərbaycanın münasibətlərini hər iki xalqın iradəsi müəyyənləşdirir
“Gürcüstan-Azərbaycan münasibətləri yaxın qonşuluq və strateji mütəffiqlik səviyyəsində olan münasibətlərdir”. Bu fikri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, Gürcüstanla Azərbaycanın bu münasibətlərini Gürcüstan və Azərbaycan xalqlarının iradəsi müəyyənləşdirir: “Eyni zamanda birgəyaşamağa tarixən məhkum olduğumuz bu coğrafiya müəyyən edir. Ona görə də Gürcüstanda prezident olaraq kimin seçilib və seçilməməsi Azərbaycan-Gürcüstan münasibətlərinə heç bir halda mənfi təsir göstərə bilməz. Çünki Azərbaycanın həyata keçirdiyi böyük strateji layihələr həm Azərbaycan xalqının, həm də onun ən yaxın qonşusu və strateji mütəffiqi olan gürcü xalqının maraqlarına xidmət edir. Dolayısı ilə hazırki mərhələdə Azərbaycan-Gürcüstan münasibətləri iqtisadi, siyasi, mədəni, hümanitar, enerji sahəsində o qədər qarşılıqlı şəkildə inteqrasiya edib ki, münasibətləri pozmağa və yaxud ona kölgə salmağa heç bir siyasətçinin iradəsi çatmaz.
Gürcüstan xalqı öz demokratik iradəsini nümayiş etdirərək özünə yeni prezident seçib. Artıq səslərin 40 faizindən çoxu hesablanıb. Əgər fövqəladə bir hadisə baş verməzsə belə deməyə əsas var ki, “Gürcü arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili artıq Gürcüstanın prezidentidir. Əminəm ki, Azərbaycan-Gürcüstan münasibətləri bundan sonra da yüksələn dinamik xətlə inkişaf edəcək. Çünki münasibətlərin bu şəkildə olması prezidentin kimliyindən asılı olmayaraq hər iki xalqın maraqlarına xidmət edir”.