Xəbərlər
Tahir Rzayev: Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolu olduqca böyükdür
“12 noyabr 1995-ci il tarixində qəbul olunmuş milli Konstitusiyamız ölkəmizdə təkmil siyasi sistemin yaranmasını təmin etməklə vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin bərqərar olunmasını şərtləndirdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konsitusiya milli inkişafın möhkəm siyasi-hüquqi əsaslarını formalaşdırdı”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolu olduqca böyükdür. Onun sözlərinə görə, Konstitusiyamızın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
“Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Sonrakı dönəmdə də konstitusion əsaslarla siyasi-hüquqi islahatların ardıcıllıqla davam etdirilməsi ilə həm hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, həm də siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi nöqteyi-nəzərindən əhəmiyyətli işlər görüldü. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin və milli inkişafımızın başlıca hüquqi - siyasi əsasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir”-deyə, deputat vurğulayıb.