Xəbərlər
MDB XİNŞ-nin növbəti iclası Qırğızıstanda keçiriləcək
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 2015-ci il aprelin 3-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək. /Trend/
Şuranın növbəti iclasının vaxtı və yeri haqqında qərar XİNŞ-nin Minskdə keçirilən iclasında qəbul edilib. Həmin görüşdə Ukrayna istisna olmaqla, Birliyin bütün dövlətlərinin xarici siyasət idarələrinin rəhbərləri iştirak ediblər. Tədbirdə Ukraynanı bu ölkənin Belarusdakı səlahiyyətli və fövqəladə səfiri Mixail Yejel təmsil edib.
İclas zamanı gündəliyin 24 bəndi müzakirə edilib. Ən mühüm sənədlərdən biri MDB dövlət başçılarının Birlik dövlətləri xalqlarına və dünya ictimaiyyətinə 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində sovet xalqının Qələbəsinin 70 illiyi ilə bağlı müraciətidir.
Məlumatda deyilir: "Həmin sənədin qəbul edilməsi dünya ictimaiyyətinin xatırladılan hadisəyə diqqət cəlb etməsinə imkan verir, eləcə də MDB dövlətləri rəhbərlərinin müharibənin nəticələrinin qiymətləndirilməsinin saxtalaşdırılması və nasizmə haqq qazandırılmasının yolverilməzliyi barədə fikrini ifadə edir".
Həmçinin görüşdə MDB-nin gələcək inkişaf konsepsiyasının reallaşdırılması üzrə əsas tədbirlər planının yerinə yetirilməsinə baxılıb. İclas iştirakçılarının gəldikləri qənaətə görə, sənəd MDB məkanında inteqrasiya proseslərinin möhkəmləndirilməsinə müsbət təsir göstərəcək. Plana uyğun olaraq MDB-nin ali orqanları tərəfindən 70-dən artıq işçi və proqram sənədi qəbul edilib. Həmin sənədlərdə dövlət başçılarının göstərilən konsepsiyada qarşıya qoyduqları hədəflərə nail olmaq üzrə işlər konkretləşdirilib.
Məsələlərin böyük hissəsi humanitar əməkdaşlığa həsr edilib. Bu sahədə əsas sənəd MDB ölkələrinin 2015-2016-cı illərdə humanitar sahədəki prioritet tədbirlər planı layihəsi olub. Planda təhsil, mədəniyyət, elm, informasiya və kütləvi kommunikasiyalar, kitab nəşri, kitab yayımı və poliqrafiya, idman, turizm kimi istiqamətlər üzrə 200-ə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.