Xəbərlər
Rəvan Həsənov: Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir
«Azərbaycanda tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması dövlətimizin başçısının apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir». Bu fikri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov deyib.
R.Həsənov bildirib ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir, həyat tərzidir. Onun sözlərinə görə, Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir.
«Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlu davamının nəticəsidir. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, eləcə də Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək bizim əsas məqsədimizdir»-deyə, R.Həsənov vurğulayıb.