Xəbərlər
Sədaqət Vəliyeva: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Avrasiyanın geostrateji mərkəzinə çevrilməkdədir
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Avrasiyanın geostrateji mərkəzinə çevrilməkdədir. Çünki, Şuranın üzvü olan Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan yerləşdikləri regionların lider dövlətləri kimi iri transmilli layihələrin və geniş əməkdaşlıq münasibətlərinin kəsişdiyi nöqtədə yerləşirlər”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzvlərinin Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz, Qara və Aralıq dənizləri regionlarında sıx əməkdaşlıq və böyük səmərəlilik bəxş edən nəqliyyat və karbohidrogen layihələrinin müəllifləri olmaları onlara geoiqtisadi dividentlərlə yanaşı, geosiyasi üstünlüklər də gətirir: “Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmiryolu, Şimal-Cənub və Şərq-Qərb, “Yeni İpək Yolu” layihələrinin reallaşdırılması, eyni zamanda iri ticarət limanlarının və nəqliyyat terminallarının inşa edilməsi Yaponiyadan, Çindən gələn yüklərin, Xəzər hövzəsinin neft-qaz ehtiyatlarının Avropaya daşınması və nəqlini təmin edir, bundan sonra da edəcək. Perspektivdə isə Özbəkistan və Macarıstan kimi ölkələrin də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulması əməkdaşlıq üçün daha geniş imkanlar yarada bilər. Bütün bunlar isə yalnız səmərə və fayda gətirəcək. Çünki Şuranın üzvləri əməkdaşlıq üçün etnik yaxud dini faktoru deyil, qarşılıqlı hörmət və maraqların uzlaşdırılması prinsiplərini əsas götürürlər”.
“Dünyada cərəyan edən prosesləri təhlil etdikdə aydın olur ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının uğurlu perspektivi var” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, nəqliyyat-kommunikasiya, həmçinin, neft-qaz layihələrinin tam reallaşdırılmasından sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Avrasiya məkanında ciddi faktora çevriləcək. Bundan faydalananlar isə daim sülhün və əməkdaşlığın tərəfdarları olacaqlar.