Xəbərlər
Dünya Bankı TANAP-ın maliyyələşdirilməsi üçün 1,1 milyard dollarlıq zəmanət verib
Dünya Bankının Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) Trans-Anadolu (TANAP) boru kəməri layihəsinin maliyyələşdirilməsi üçün 1,1 milyard dollarlıq zəmanət verib.
Bu barədə MIGA məlumat yayıb.
Bildirilir ki, MIGA Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan 1850 kilometrlik TANAP boru kəməri layihəsinin dəstəkləmək məqsədilə 1,1 milyard dollarlıq zəmanət verib. 15 illik zəmanət “Cənub Qaz Dəhlizi” QSC ilə “AKA Bank”, “Citi”, “Crédit Agricole CIB, “ING”, “LBBW”, “Santander and Société Générale” bankaları ilə imzlanan kredit müqavilələrini əhatə edir. “Cənub Qaz Dəhlizi” QSC TANAP layihəsində əsas səhmdarıdır və Azərbaycanın maraqlarını qoruyur.
Qeyd edək ki, TANAP layihəsinə bir çox aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilib. Artıq TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk kommersiya qazının tədarükünə iyunun 30-dan başlanılıb. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz nəql olunacaq. Daha sonrakı üç il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq. TANAP-ın inşası üzrə ümumi işlərin 94,8 faizi icra olunub. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. Indiyədək 5,5 milyard dollar xərclənib.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.