YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bələdiyyələrin statusu haqqında” Qanunda ediləcək dəyişikliklər müzakirə olunub

Sentyabrın 26-da Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.

İclasda “Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Komitənin sədri Arif Rəhimzadə bildirib ki, qanuna təklif olunan dəyişikliklər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsini, bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması və bələdiyyələrin vaxtından əvvəl buraxılması qaydalarını müəyyən edir.

Dəyişikliyə görə bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması onların “Bələdiyyə üzvünün statusu haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinin müvəqqəti dayandırılmasından ibarətdir. Bələdiyyə üzvlərinin səlahiyyətləri məhkəmə qərarı ilə dayandırılır.

Digər dəyişiklik isə bələdiyyənin vaxtından əvvəl buraxılması ilə bağlıdır. Dəyişikliyə görə Milli Məclis bu qanunun 52-2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq müraciət olduqda və bununla əlaqədar bələdiyyənin hesabatının dinlənilməsi nəticəsində onun fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə Mərkəzi Seçki Komissiyası bələdiyyənin vaxtından əvvəl buraxılması haqqında qərar qəbul edir. Bələdiyyələr hər il yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərə hesabat verməlidirlər. Əgər seçicilər bələdiyyənin hesabatını qeyri-qənaətbəxş qiymətləndirsələr, həmin hesabat Milli Məclisə göndərilir. Parlament həmin hesabatı qeyri-qənaətbəxş hesab etsə, o zaman bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edilir və bələdiyyənin fəaliyyətinin vaxtından əvvəl buraxılması, dayandırılması haqqında qərar qəbul olunur.

İclasda bildirilib ki, qanunda edilmiş dəyişikliklərin məqsədi bələdiyyələrin fəaliyyətinin daha səmərəli həyata keçirilməsinin hüquqi təminatının yaradılmasıdır.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.