Xəbərlər
Albaniya Prezidenti: TAP, "Şahdəniz" layihələri regional enerji təhlükəsizliyinə böyük töhfədir
VI Qlobal Bakı Forumu çərçivəsində “Balkan regionunun indiki və gələcək vəziyyəti: regional təhlükəsizliyin təməli və ya yeni geosiyasi şahmat lövhəsi” mövzusunda panel iclası keçirilib.
Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə keçən iclasda Albaniya Prezidenti İlir Meta çıxış edib.
Balkanların tarix boyu bir çox dəyişikliklərə, müharibələrə məruz qaldığını, buna görə də bu ölkələrin keçmişdən ibrət götürməli olduğunu deyən İ.Meta əlavə edib ki, hazırda bu regionda sabitlik hökm sürür və xoşbəxt gələcək qurmaq üçün bu, yaxşı fürsətdir: “Avropa İttifaqına daxil olmaq bu region üçün vacib məsələdir. Regional əməkdaşlıq nəticəsində hazırda bölgədə sülh əldə edilib. TAP, "Şahdəniz" layihələri təqdirəlayiqdir və regional enerji təhlükəsizliyinə böyük töhfədir”.
Moldovanın prezidenti İqor Dodon deyib ki, hazırda dünyada fərqli hadisələr baş verir. Bura təbii fəlakətləri, kataklizmləri və digər bu kimi hadisələri aid etmək olar. Bu cür hallara qarşı bütöv, vahid yanaşmanın olmaması vəziyyəti daha da pisləşdirir. Böyük qüvvələr öz aralarında razılığa gələ bilmir və bunun əziyyətini kiçik dövlətlər çəkir. Balkanlar da belə regionlardandır. Bu baxımdan ATƏT-in yaradılması təqdirəlayiqdir.
Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi İstvan Mikola hazırda qanunsuz miqrantlara görə Balkanlarda vəziyyətin daha da pisləşdiyini bildirib. Məsələnin ciddiliyini vurğulayan macar siyasətçi bu problemin bütün dünyanın diqqətində olmasının vacibliyini deyib.
Albaniyanın keçmiş prezidenti Buyar Nişani tarixən Balkan regionunda böyük hadisələrin yaşandığını xatırladıb: “Balkanlar Avropa ilə Asiyanı birləşdirən qovşaqdır. Tarix dəyişsə də Balkanlara aid siyasi maraqlar olduğu kimi qalır. Xoş haldır ki, hazırda regionda sülh əldə edilib. Lakin bəzi problemlər hələ də həllini gözləyir”.
Xorvatiyanın keçmiş prezidenti İvo Yosipoviç bu gün Balkanların həm daxili, həm də xarici təsirlərə məruz qaldığını bildirib. Deyib ki, bu, bir çox hallarda iqtisadiyyatın zəifliyi ilə bağlıdır: “Uzun illər regionun müharibə meydanı olması və ifrat şovinizm də buna öz təsirini göstərir. Buna görə də, regionda bir sıra islahatlar aparılmalıdır”.
Bolqarıstanın keçmiş prezidenti Peter Stoyanov bir çox region ölkələrinin Avropa İttifaqına daxil olmaq üçün müraciət etdiklərini deyib: “Biz Avropa standartlarına uyğun, sabit Balkanlar görmək istəyirik. Bu region da Avropanın tərkib hissəsidir və burada digər Avropa ölkələri kimi sabitlik, inkişaf olunmalıdır”.
Serbiyanın keçmiş baş naziri Mirko Tsvetkoviç isə deyib ki, inkişaf etmiş ölkələrdə belə tənəzzül zamanı böyük çətinliklər yaşanır: “Kiçik dövlətlərdə isə bu, özünü daha qabarıq göstərir. Buna görə də kiçik dövlətlərdən ibarət olan Balkanlar belə hallara qarşı birgə mübarizə aparmalıdırlar”.
Forum panel iclaslarla davam edir.