Xəbərlər
Ağcabədidə YAP-ın yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı YAP-ın yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, ərazi partiya təşkilatı (ƏPT) sədrləri, partiya veteranları və fəalları, şəhid ailələri və qazilər iştirak edib.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Giriş sözü ilə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Yeni Azərbaycan Partiyasının yaranma tarixi, 33 il ərzində keçdiyi şərəfli yol və qazanılan uğurlar barədə ətraflı çıxış edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəni xaos və anarxiyadan qurtarmaqla, dövlət müstəqilliyini əbədi və dönməz etmək kimi çox şərəfli bir missiyanı uğurla həyata keçirib.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəsi Radə Qafarova, “Aran yolu” qəzetinin redaktoru Məhsəti Ağayeva, rayon statistika idarəsinin rəisi, ƏPT sədri Elsevər İsmayılov və Boyat bələdiyyəsinin sədri Günay Abdullayeva qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası bu gün bütün Cənubi Qafqaz regionunun ən nüfuzlu siyasi təşkilatıdır.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında ölkəmizin əldə etdiyi uğurların qazanılmasında Yeni Azərbaycan Partiyasının rolunu qeyd edib. O bildirib ki, 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın ictimai-siyasi arenasında bu partiya olduqca mühüm rol oyanyır.
Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranı və fəallara YAP Ağcabədi rayon təşkilatı tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
