YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: “Qida təhlükəsizliyi haqqında” qanunun layihəsi yaxın zamanlarda Milli Məclisə göndəriləcək

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin gələn il yanvarın 1-dən fəaliyyətə başlaması üçün bütün zəruri hüquqi baza yaradılıb.” Bu fikri Qida Təhlükəsizliyi Komissiyasının Nazirlər Kabinetində keçirilən növbəti iclasında Baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov deyib. O qeyd edib ki, Qida Təhlükəsizliyi Komissiyası Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətini təmin etmək məqsədilə yaradılmışdı. Artıq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin olunub və agentlik 2018-ci il yanvarın 1-dən tam fəaliyyətə başlayacaq. Bununla da Qida Təhlükəsizliyi Komissiyasının fəaliyyətinə xitam veriləcək.

Əli Əhmədov əlavə edib ki, Qida Təhlükəsizliyi Komissiyası bu il ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsinin hazırlanmasında fəal iştirak edib və dövlətimizin başçısı həmin Əsasnaməni təsdiq edib: “Bundan başqa, komissiya tərəfindən müvafiq qurumlar üzrə səlahiyyətlər bölgüsü aparılıb və bununla bağlı da sənəd hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Təbii ki, bu sənədin üzərində yenidən işləmək lazımdır. Güman edirəm ki, bütün işlər tamamlandıqdan sonra həmin sənəd də təsdiq olunacaq və bunun əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi öz fəaliyyətini təmin edəcək. Həmçinin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi hazırlanaraq ölkə başçısına təqdim edilib və yaxın zamanlarda bu layihə Milli Məclisə göndəriləcək”.

Baş nazirin müavini bildirib ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018–2025-ci illər üçün dövlət proqramının layihəsi də hazırlanaraq Prezidentə təqdim olunub. Bu layihə təsdiq olunduqdan sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi öz fəaliyyətini müəyyən edə biləcək. Bundan başqa, Kodeks Alimentarius Komissiyasında Azərbaycan Respublikasının təmsilçiliyi ilə əlaqədar müvafiq sənəd də hazırlanaraq göndərilib. Bundan sonra təmsilçilik səlahiyyəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə verilib: “Gələn il yanvarın 1-dən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət göstərməyə başlaması üçün zəruri hüquqi baza demək olar ki, yaradılıb. Bundan sonra təşkilati işlər, maddi-texniki bazanın formalaşdırılması, təmin edilməsi və agentliyin öz işini həyat keçirməsi üçün şərtlərin yerinə yetirilməsi işləri başlayır. Biz Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin çox qısa zamanda təmin olunmasını arzulayırıq. Təbii ki, yeni qurum yaradıldıqda bu proses müəyyən vaxt tələb edir. Qida Təhlükəsizliyi Agentliyi gələn ilin əvvəlində fəaliyyətə başlamasına baxmayaraq, Agentlik öz funksiyalarını tam yerinə yetirənədək Qida Təhlükəsizliyi Komissiyası bu prosesə öz dəstəyini göstərəcək”.

Sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Agentlik qarşısında duran vəzifələr, həyata keçirəcək tədbirlər və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi barədə danışıb.

İclasda Agentliyin strukturu və işçilərinin ümumi say həddinin müəyyənləşdirilməsi, maliyyə və əmlak məsələlərinin həlli ilə bağlı təkliflər səsləndirilib, müvafiq qərar qəbul olunub.

 

DİGƏR Xəbərlər Arxiv