Xəbərlər
Nikolay Patruşev və Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı məsələlərini müzakirə ediblər
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının cari məsələlərini müzakirə edib və iki dövlətin təhlükəsizlik şuralarının, hüquq mühafizə orqanlarının və xüsusi xidmətlərinin ekspertləri səviyyəsində daimi informasiya mübadiləsini və məsləhətləşmələr aparılmasını nəzərdə tutan əməkdaşlıq planını imzalayıblar.
N.Patruşevin Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stansilav Zas və Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov ilə görüşlərinin yekunlarına əsasən əməkdaşlıq planları da imzalanıb.
Moldova Respublikasının Ali Təhlükəsizlik Şurasının katibi Artur Qumenyuk ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi N.Patruşev iki dövlətin təhlükəsizlik şuraları aparatları arasında qarşılıqlı fəaliyyət haqqında protokol imzalayıblar. Tərəflər hər iki ölkənin mənafeyi üçün milli, Avropa və beynəlxalq təhlükəsizliyin təmin olunmasına aid məsələlərin geniş dairəsi üzrə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər.
Tacikistan Respublikası Təhlükəsizlik Şurasının katibi Abdurahim Kahharov ilə görüşdə iki dövlətin güc strukturlarının və xüsusi xidmətlərinin qarşılıqlı fəaliyyətinə dair məsələlər müzakirə edilib.