Xəbərlər
Aydın Hüseynov: Bakı-Tbilisi-Qars dəmir yolu bölgədə əlavə biznes subyektlərinin fəaliyyətinə, iş yerlərinin yaradılmasına səbəb olacaq. turizmin inkişafına geniş stimul verəcək
Oktyabrın 30-da Azərbaycan Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini istifadəyə verdi. Qədim İpək Yolunun polad magistrallar üzərində bərpası olan bu dünya əhəmiyyətli layihənin gerçəkləşməsi ilə Azərbaycan regionda ən nəhəng kommunikasiya dəhlizlərindən birinin müəllifinə çevrildi. BTQ-nin geosiyasi, iqtisadi və tarixi əhəmiyyətindən danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevriləcək. Asiyanı, Avropanı və Afrikanı bir-biri ilə birləşdirmək məqsədilə başladılan yeni “İpək Yolu” təşəbbüsü nəticəsində regionda siyasi cəhətdən sülh, təhlükəsizlik və sabitlik möhkəmlənəcək, layihə sosial baxımdan rifah gətirəcək, yük və sərnişin daşınması ilə yanaşı, məlumat mübadiləsi ilə də ölkələrimizin qlobal inkişafına töhfə verəcək.
Aydın Hüseynov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti Azərbaycanın regionda geosiyasi əhəmiyyətini artıracaq: “Nəzərə alsaq ki, uzunluğu 850 kilometr olan polad magistralın 504 kilometri Azərbaycan ərazisindən keçir, onda ölkəmizin hansı strateji gücə malik olacağı məlumdur. Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun ən mühüm komponenti kimi Avropanı Asiya ilə birləşdirən tranzit qovşağı rolunu oynayacaq. Dövlətimizin başçısı cənab İlham Əliyevin bəyan etdiyi kimi “Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər”.
Aydın Hüseynov hesab edir ki, BTQ-nin biznesin inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq üçün çox böyük əhəmiyyəti var. “Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, ondan sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolunda ilk səfərin reallaşması ilə “Orta dəhliz” layihəsinin ən önəmli mərhələsi başa çatdırılacaq. Beləliklə, Londondan Çinə birbaşa dəmir yolu xətti qurulacaq. Bölgədə geniş bir tranzit qovşağı yaranacaq, yükdaşınmaları geniş biznesin böyüməsinə imkan verəcək, sərmayələr, infrastrukturun təkmilləşdirilməsi və logistikanın əlaqələndirilməsi ilə birgə bağlantıların daha yaxşı qurulmasına, yeni biznes imkanlarının yaranmasına və ticarətin artmasına səbəb olacaq”.
Milli Məclisin deputatı Aydın Hüseynov onu da qeyd edib ki, yolun istifadəsi bölgədə əlavə biznes subyektlərinin fəaliyyətinə, iş yerlərinin yaradılmasına səbəb olacaq. turizmin inkişafına da geniş stimul verəcək, turistlərin sayı artacaq.