Xəbərlər
Avropa Yenidənqurma və İnkişaf Bankı TANAP üzrə Azərbaycana 500 milyon dollar kredit ayıracaq
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üçün Azərbaycana 500 milyon dollar kredit ayıracaq.
Bankın rəhbərliyi “Cənub Qaz Dəhlizi”nin ən böyük hissəsini təşkil edən TANAP layihəsində istifadə edilməsi üçün “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinə (CQD) ayrılması planlaşdırılan 500 milyon dollar məbləğində maliyyə paketinin oktyabrın 18-də keçiriləcək idarə heyətinin toplantısında təsdiq olunması gözlənilir.
EBRD edilən yazılı açıqlamada, ümumi dəyəri 8,6 milyard dollar olan TANAP layihəsi üçün daha əvvəl Dünya Bankının 800 milyon dollar və Asiya İnkişaf Bankının isə 600 milyon dollar maliyyə vəsaiti ayırdığı xatırladılıb.
Avropa İnvestisiya Bankının da TANAP-a kredit ayırmağı düşündüyü bildirilən açıqlamada, layihənin Türkiyə və Avropanın enerji təhlükəsizliyini və mənbələr şaxələndirilməsini təmin etməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb. “Cənub Qaz Dəhlizi”nin böyük bir hissəsini təşkil edən TANAP-ın tikinti müddətində 9 mindən çox, daimi olaraq isə təxminən 300 nəfərə məşğulluğunun təmin ediləcək.
TANAP-da 58 faiz iştirak payına malik olan və səhmlərinin əksəriyyəti Azərbaycan hökumətinə məxsus “Cənub Qaz Dəhlizi” QSC-nin EBRD-dan alacağı 500 milyon dollarla birgə layihəyə cəlb etdiyi ümumi investisiyanın 5 milyard dollara çatacağı qeyd olunub.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi”nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il tarixli 25 fevral Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, TANAP və “Trans-Adriatik” (TAP) layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.