Xəbərlər
SOCAR-ın Türkiyədəki layihələrinə ümumi investisiya qoyuluşu 19,5 milyard dolları ötəcək
SOCAR Türkiyədəki layihələrinə ümumilikdə 19,5 milyard dollar investisiya qoyuluşu həyata keçirəcək.
Bunu “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) xarici əlaqələr üzrə rəhbəri Murat LeCompte deyib.
“SOCAR Türkiyənin ən böyük xarici investorlarındandır. 2008-ci ildə “Petkim”i alaraq Türkiyədəki bazarına daxil olan SOCAR bu ölkədəki fəaliyyətini “SOCAR Turkey” vasitəsilə həyata keçirir. STEAŞ-ın məqsədi Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə bu ölkəni dünyanın ən mühüm enerji dəhlizlərindən birinə çevirməkdir”, - deyə o əlavə edib.
M.LeCompte qeyd edib ki, “SOCAR Turkey”in şirkətləri və layihələri sırasında “Petkim”, “Petlim”, 2018-ci ildə fəaliyyətə başlayacaq “Star” neft emalı zavodu və yenə həmin il ilk qaz nəqlinin reallaşacağı TANAP kimi nəhəng investisiyalar var. İnvestisiyaların məbləği hazırda 12,6 milyard dollara çatıb. Ümumi investisiya qoyuluşu isə 19,5 milyard dolları keçəcək.
Xatırladaq ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir.