YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mədəniyyət və turizm naziri: Mədəniyyət günləri xalqların bir-birini daha yaxından tanımasına, təmasların qurulmasına imkan yaradır

İyulun 3-dən 9-dək İranda Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Bununla əlaqədar İranda səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün İranın mədəniyyət və islam irşadı naziri Salehi Əmiri ilə görüşüb.

Ə.Qarayev İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinə yaratdığı şəraitə görə təşəkkürünü bildirərək son illər iki qonşu və dost ölkə arasındakı münasibətlərin inkişafından danışıb. Qeyd olunub ki, ötən 3 il ərzində Azərbaycan və İran prezidentləri 7 dəfə görüşərək qarşılıqlı əlaqələrin bütün sahələr üzrə genişlənməsini müzakirə ediblər. Dövlətlər arasında 130-dan çox əməkdaşlıq haqqında sənəd imzalanıb ki, bu da qarşılıqlı əlaqələrin intensiv qaydada inkişafından xəbər verir. Azərbaycan Prezidenti İran İslam Respublikası ilə münasibətlərə xüsusi önəm verir. Hər iki dövlətin başçısı regionda sülhün və əmin-amanlığın qorunub saxlanılması üçün çox ciddi səylər göstəriblər. Beynəlxalq təşkilatlarda hər iki dövlətin vahid mövqedən çıxış etməsi milli maraqlara uyğundur və səmərəlidir. Buna misal olaraq ermənilərin lavaş çörəyini mənimsəmək istəyinin qarşısının alınmasını göstərmək olar. Bu məsələ ilə əlaqədar İran və Azərbaycan UNESCO-da vahid mövqedən çıxış edərək sübut etdilər ki, lavaş bişirmək ənənəsi ermənilərə məxsus ola bilməz. Bu ənənə regionda yaşayan xalqlara məxsusdur.

Nazir bildirib ki, hər iki xalq eyni dinə, adət ənənəyə və tarixi köklərə malikdir. Bu amillər xalqların yaxınlaşmasını şərtləndirən amillərdir.

Ə.Qarayev deyib ki, digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də ölkələrimiz arasında sıx əlaqələr mövcuddur. Teatr, kino, nəşriyyat işi üzrə əlaqələr inkişaf edir. Azərbaycanda istehsal olunan bir sıra filmlər İran aktyorlarının və mütəxəssislərinin iştirakı ilə hazırlanır.

İranda keçiriləcək Azərbaycan mədəniyyət günləri çərçivəsindəki tədbirlərdən danışan Ə.Qarayev nəzərə çatdırdı ki, Tehran, İsfahan, Ərdəbil şəhərlərində teatr tamaşaları, filmlər, konsert proqramları nümayiş olunacaq, fotosərgilər açılacaq. “Mədəniyyət günlərinin qarşılıqlı şəkildə keçirilməsi xalqların bir-birini daha yaxından tanımasına, təmasların qurulmasına imkan yaradır. Hər il Novruz bayramında İran vətəndaşlarının Bakıya gələrək bayramı Azərbaycanın paytaxtında qeyd etmələri təsadüfi xarakter daşımır. Azərbaycan xalqı ilə eyni dini və adət ənənəyə malik olan iranlılar Bakıda özlərini daha rahat hiss edirlər. Xalqların yaxından tanış olması, mədəni əlaqələrin inkişafı üçün əlavə stimul yaradır”, - deyə nazir vurğulayıb.

Azərbaycanda mədəniyyətə göstərilən dövlət qayğısından danışan nazir dedi ki, hər il 60-dan çox film çəkilir ki, bunun da maliyyəsi dövlət tərəfindən ödənilir. Azərbaycan heç vaxt İranı diqqətdən kənarda saxlamır. Azərbaycanda keçirilən muğam festivalında, sərgilərdə beynəlxalq əhəmiyyətli konfranslarda İran həmişə dəvət edilir və təmsil olunur.

May ayında Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında İran böyük nümayəndə heyəti ilə iştirak edirdi. İran idmançıları da bu yarışlarda şücaət göstərərək 100-ə yaxın medal qazandılar. Bununla yanaşı, yarışlar zamanı İrana Bakının mərkəzində təqdimat keçirmək üçün şərait yaradıldı. Bu fürsətdən yararlanan İran özünün mədəniyyəti, turizm potensialı, iqtisadiyyatı və digər sahələrini təqdim edərək geniş təbliğat işini həyata keçirdi. Ötən il isə Bakıda İran filmləri həftəsi keçirildi. İran istehsalı olan filmlər Azərbaycanın mədəniyyət adamları arasında ciddi maraq doğurdu. Hər gün nümayiş olunan filmlərə ictimaiyyətin bütün nümayəndələri baxmağa gəlirdilər. Azərbaycan ilə İran ISESCO və İslam Əməkdaşlıq təşkilatları çərçivəsində də yaxından əməkdaşlıq edirlər.

Ə.Qarayev deyib: “Bu gün İran ilə Azərbaycanın mədəni əlaqələrini elə yüksək səviyyəyə çatdırmaq lazımdır ki, gələcəkdə hər iki ölkənin gəncləri bundan istifadə edərək xoş münasibətləri qoruyub saxlasınlar və inkişaf etdirsinlər”.

Qeyd olundu ki, gələn il Azərbaycanda İran mədəniyyət günlərinin də keçirilməsi mümkündür və tədbirlər təkcə Bakı şəhərində deyil, Gəncə, Qəbələ və digər şəhərlərdə reallaşa bilər.

İranın mədəniyyət və islam irşad naziri Salehi Əmiri ölkəsində Azərbaycan günlərinin keçirilməsi üçün bütün şəraitin yaradıldığını bildirdi. Nəzərə çatdırıb ki, Azərbaycan İranın yaxın qonşusudur və dost dövlətdir. İran prezidenti hər zaman Azərbaycanın bir qonşu və dost kimi İran üçün əhəmiyyətli olduğunu vurğulayıb. İranlı nazir əlyazmalar və kitab nəşri sahələrində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruri olduğunu vurğulayıb. Qeyd olunub ki, İranın kitabxanalarında qədim əlyazmalar var və bunların birgə araşdırılması yeni tarixi faktları ortaya çıxarar.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

Sonra nazirlər birgə mətbuat konfransı keçirdilər.

Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

DİGƏR Xəbərlər Arxiv