YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TAP-ın Yunanıstan hissəsinin inşasında 3 min nəfər çalışır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası çərçivəsində Yunanıstanda 250 kilometr boru qaynaq olunub.

TAP AG şirkətinə istinadla xəbər verir ki, TAP-ın Yunanıstandan keçən 550 kilometrlik hissəsi üçün lazım olan 32 min borunun təqribən 66 faizi tikinti sahələrinə çatdırılıb. Həmin boruların ümumi çəkisi 323 min tondur. Bu ölkədə TAP kəməri marşrutu üzrə indiyədək 300 kilometr ərazi təmizlənib, xətt boyunca 272 kilometr boru düzülüb. Boruların 250 kilometri qaynaq edilib.

Eyni zamanda, 196 kilometr xəndək qazılıb, 172 kilometrlik hissədə borular xəndəyə endirilib. Artıq xəttin 151 kilometrlik hissəsində borular qaynaq edilərək torpağa basdırılıb. Xətt boyunca 64,5 kilometr sahə isə tamamilə əvvəlki vəziyyətinə gətirilib. Hazırda Yunanıstanda layihə üzrə 3 min nəfər çalışır. Layihənin həyata keçirilməsinə 176 yunan şirkəti cəlb olunub.

TAP-ın Yunanıstan üzrə meneceri Rikard Skufias deyib: “Boru kəmərinin tikintisində çalışan hər kəsə təşəkkür edirəm. Onların peşəkarlığı, fədakarlıq və iş keyfiyyəti bu böyük layihənin səmərəli həyata keçirilməsini təmin edir”.

Şirkət Yunanıstanda könüllü şəkildə 32 milyon avro dəyərində ictimai-ekoloji investisiya proqramı həyata keçirir. Həmçinin yerli icmaların həyat səviyyəsinin yaxşılaşdırılmasına dəstək üçün 30 layihə reallaşdırır. Bundan əlavə, yerli sakinlərin həyat şəraitinin yaxşılaşdırılması üçün 6, təhsil və təlim vasitəsilə təkmilləşdirilmiş bacarıq və qabiliyyətlərin artırılması üçün 6 və ətraf mühitin idarə edilməsinin təkmilləşdirilməsinə töhfə verən 5 layihə həyata keçirilir.

Xatırladaq ki, boru kəmərinin inşası çərçivəsində Yunanıstanda ilk hidrosınaq ötən ay uğurla başa çatıb. Bu sınaq kəmərin təhlükəsizliyini yoxlamaq üçün bir üsuldur. Belə ki, boru kəməri su ilə doldurulur və ona nəzərdə tutulan təzyiqindən daha çox təzyiq vurulur. Hidrosınaq boru kəmərinin Yunanıstan üzrə ilk 1,4 kilometrlik hissəsini əhatə edib. Bu, tikinti prosesində çox mühüm addım sayılır. Çünki həmin sınaq texniki cəhətdən layihənin bir nömrəli prioriteti kimi tanınan boru kəmərinin təhlükəsizliyini təsdiq edir.

Qeyd edək ki, TAP qaz boru kəmərinin təməli ötən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Boru kəmərinin inşası üzrə işlərin 42 faizi icra edilib.

TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), “Cənub Qaz Dəhlizi” QSC (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).