Xəbərlər
Milli Məclisdə AŞPA komitəsinin milli parlament seminarı keçirilir
İyunun 2-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin "Avropa Sosial Xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi" mövzusunda milli parlament seminarı keçirilir.
Seminarı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva açaraq gündəlik barədə məlumatı diqqətə çatdırıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov seminarda çıxış edərək bildirib ki, beynəlxalq sosial təminat hüququ və bu hüququn reallaşdırılması üçün müxtəlif beynəlxalq və regional təşkilatların qəbul etdiyi sənədlər hər bir ölkədə sosial vəziyyətin yaxşılaşdırılması sahəsində baza prinsiplərinin formalaşması üçün səmərəli normativ rolunu oynayır. Bütün bunlar Avropada sosial təminat sahəsində beynəlxalq hüququn mənbəyi qismində iqtisadi və sosial hüquqların geniş dairəsini tənzimləyən Avropa Sosial Xartiyasının əhəmiyyətini bir daha qabarıq şəkildə ortaya qoyur.
Nazir xatırladıb ki, Avropa Sosial Xartiyası Azərbaycanda 2004-cü il noyabrın 1-dən qüvvəyə minib. Bu 13 il sosial-iqtisadi inkişaf baxımından çox səmərəli olub. Respublikada qeyri-neft iqtisadiyyatının genişləndirilməsi şəraitində 1,6 milyondan çox iş yeri açılıb, işsizliyin və yoxsulluğun səviyyəsi 5 faizə endirilib, ölkə əhalisinin gəlirləri 8 dəfəyə qədər artıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial müdafiənin müasir elementlərini özündə cəmləşdirən əhatəli və ünvanlı sosial təminat sistemi formalaşıb. Ötən dövr ərzində bu sahədə ciddi islahatlar aparılıb və sosial müdafiə sferasının müasir tələblərinə uyğunlaşdırılması istiqamətində əsaslı nailiyyətlər qazanılıb. Azərbaycanda qurulan sosial müdafiə sistemi bu sahədə müxtəlif beynəlxalq sənədlərə, o cümlədən Avropa Sosial Xartiyası ilə müəyyənləşdirilən tələb və standartlara tamamilə cavab verir. Sosial müdafiə sistemi fərdlərə yanaşmada birinci amil kimi fərdin əmək qabiliyyətinin olub-olmamasını götürür. Əgər fərd əmək prosesindədirsə onun bütün sosial müdafiə hüquqları ölkədə daim təkmilləşdirilən sosial sığorta sistemi vasitəsilə, fərd əmək qabiliyyətində deyilsə onun və ya ailəsinin sosial müdafiəsi onların müəyyən həddə gəlirlərinin təmin olunması rolu ilə gerçəkləşdirilir və bunun qanunvericilik bazası dəqiq şəkildə formalaşdırılıb.
Səlim Müslümov diqqətə çatdırıb ki, 2006-cı ildən ölkədə müasir əsaslarla fəaliyyət göstərən sosial sistem vasitəsilə hazırda üç ayrı istiqamət üzrə 2 milyon 330 min vətəndaşa hər ay 316 milyon manatdan çox vəsait ödənilir. Ümumilikdə, bu sosial ödənişlər ölkə əhalisinin 23,7 faizini əhatə edir.