Gündəm
Prezident İlham Əliyev: Status-kvo qəbuledilməzdir
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin cari ilin birinci rübündə də diqqət mərkəzində olduğunu, Ermənistanın danışıqları dayandırmağa çalışdığını, amma buna nail ola bilməyəcəyini qeyd edib. Prezident İlham Əliyev bildirdi ki, Minsk qrupunun həmsədr ölkələri bir neçə dəfə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Dövlətimizin başçısı vurğuladı ki, ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnamə qəbul etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, bu qətnamələr qeyd-şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Dövlətimizin başçısı vurğuladı ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib.
Azərbaycanın gündən-günə gücləndiyini və gec-tez bu məsələnin ədalətli həll olunacağına əminliyini bildirən Prezident İlham Əliyev Dağlıq Qarabağda keçirilən qondarma “referendum”u qeyd etdi, bu “referendum”u keçirməklə Ermənistanın bir daha özünü biabır etdiyini vurğuladı. “Dərhal qonşu ölkələr, Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və bir çox digər ölkələr bu “referendum”u pislədilər və tanımadıqlarını dedilər. Bütün beynəlxalq aləm “referendum”u qəbul etməməklə Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini göstərmiş oldu”, - deyən dövlətimizin başçısı məsələ ilə bağlı ölkəmizin digər uğurunun Dağlıq Qarabağa qanunsuz səfər etmiş, xaricdə saxlanılan əcnəbi vətəndaşın bütün dünyanın gözü qarşısında Azərbaycana təhvil verilməsinin olduğunu qeyd etdi. Prezident İlham Əliyev əminliklə bildirdi ki, bu, həm bizim qanunlarımızı kobudcasına pozan şəxsə, həm də onun kimilərinə dərs oldu.