YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ konqresmeni Azərbaycan xalqını təbrik edən xüsusi bəyanat verib

ABŞ Konqresinin Kaliforniya ştatından olan üzvü Loretta Sançez 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar xüsusi təbrik bəyanatı imzalayıb.

Ölkəmizin Los-Ancelesdəki baş konsulluğuna təqdim olunmuş bəyanatda bildirilir ki, Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək demokratik respublika təsis edib, müsəlman dünyasında ilk dünyəvi respublika quran və qadınlara ilk dəfə səsvermə hüququ verən dövlət olaraq tarixə düşüb.

Bəyanatda qeyd olunur ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edərək ötən 25 il ərzində azadlığını və suverenliyini möhkəmləndirib, olduqca vacib Cənubi Qafqaz bölgəsində ABŞ-ın strateji müttəfiqinə və ən iri ticarət tərəfdaşına çevrilib. Bu gün Azərbaycan beynəlxalq aləmdə müsəlmanların, xristianların və yəhudilərin sülh, harmoniya içərisində yaşadıqları uğurlu model kimi tanınır. Azərbaycan azad və müstəqil dövlət kimi böyük nailiyyətlərə imza atıb.

1997-ci ildən Konqresin Nümayəndələr Palatasının Demokratlar Partiyasından üzvü olan L.Sançez hazırda Kaliforniyadan ABŞ Senatına iki əsas namizəddən biridir.

L.Sançezin təbrikinə onun həmkarı, Kaliforniyadan olan digər konqresmen Xuan Varqas, eləcə də Kaliforniya Ştat Senatının senatoru Ben Allen və Kaliforniya Ştat Assambleyasının üzvü Riçard Blum da qoşulublar. Bu qanunvericilər Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna xüsusi təbrik şəhadətnamələri göndərərək əlamətdar gün münasibətilə Azərbaycan xalqına təbriklərini və xoş arzularını çatdırıblar.