Xəbərlər
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin otuz ikinci cildi çapdan çıxıb
“Biz ölkəmizi qorumalıyıq, Azərbaycanın müstəqilliyini qorumalıyıq, möhkəmləndirməliyik, ölkəmizin milli maraqlarının təmin olunması üçün nə lazımdırsa, onu da edəcəyik və edirik. Hər bir atılan addım istər daxildə, istərsə də bölgədə Azərbaycanı gücləndirir. Bizim bölgədə mövqelərimiz böyük dərəcədə möhkəmlənibdir.
Azərbaycan bölgədə sabitləşdirici rol oynayır və bu rol getdikcə artır. Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam etdirək. Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik və rifah içərisində yaşamalıdır”.
Yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 32-ci cildində yer alan bu fikirlər dövlətimizin başçısının 2008-ci il sentyabrın 7-də Cəlilabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev seyrəngahı ilə tanışlıq zamanı şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışından götürülüb.
Çoxcildliyin bu kitabına daxil olan materiallar 2008-ci ilin avqust-sentyabr aylarını əhatə edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlətimizin başçısının Azərbaycana səfər etmiş Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Rumıniya Prezidenti Trayan Besesku, Türkiyə Prezidenti Abdullah Gül və Özbəkistan Prezidenti İslam Kərimovla keçirdiyi görüş və danışıqlara, bu ölkələrlə ikitərəfli əlaqələrin inkişafı üçün bağlanan müqavilələrə, habelə İran, Macarıstan, Türkiyə, Yunanıstan, ABŞ və digər ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar verilib. Kitabda Prezident İlham Əliyevin Moskvaya işgüzar səfəri zamanı keçirdiyi görüş və danışıqlara aid materiallar da yer alıb.
Bu cilddə, həmçinin dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafı proqramının həyata keçirilməsi ilə bağlı Xızı, Salyan, Cəlilabad, Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ rayonlarına səfərləri zamanı bu bölgələrin sosial, iqtisadi, kənd təsərrüfatı və mədəni cəhətdən inkişafına həsr olunmuş çıxışları, nitqləri və ictimaiyyət nümayəndələri ilə görüşlərinə, Bakıda və Sumqayıtda aparılan tikinti-quruculuq işlərinə, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidənqurma işlərindən sonra açılışında iştirakına aid materiallar toplanıb.
Nəşrdə Prezident İlham Əliyevin “Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya, əməkdaşlığın strategiyası” Beynəlxalq Konfransının, “Rus icması – 15 illik yol” konfransının, Dünya Gənclərinin IV Məşğulluq Sammitinin iştirakçılarına müraciətləri, habelə bəyanatları, məktubları da yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 32-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.