YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır

“Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir. Bu, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir və bu rol getdikcə artır. Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır. Türkiyənin inkişafı, sabitliyi nəinki Türkiyəni sevən ölkələrə, ona dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da İstanbulda 23-cü Dünya Enerji Konqresinin açılışında çıxışı zamanı söyləyib.

Prezident İlham Əliyev qeyd edib ki, biz bir çox önəmli enerji layihələrimizi Türkiyə ilə bərabər icra edirik və bu enerji layihələri dünya üçün böyük əhəmiyyət daşıyır. Onu qeyd etməliyəm ki, dünyanın neft tarixi Bakıdan başlayır. XIX əsrin ortalarında dünyada ilk dəfə olaraq Bakıda sənaye üsulu ilə ilk neft çıxarıldı. Ondan yüz il sonra ilk dəfə dənizdə neft Azərbaycan neftçiləri tərəfindən çıxarılmışdır. Müstəqilliyimizin ilk illərində Azərbaycan ilk dəfə olaraq xarici neft şirkətlərini Xəzər dənizinə dəvət etmiş, “Əsrin kontraktı” imzalanmış, “Azəri-Çıraq-Günəşli” neft yataqları işə düşmüşdür. Bu yataqlar dünya miqyasında ən böyük neft qaynaqlarından biridir və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafı başlamışdır.

Dövlət başçımızın sözlərinə görə, Azərbaycan açıq dənizlə dünya bazarlarına çıxışı olmayan ölkələrdən biridir. Buna görə mütləq boru xətləri çəkilməli idi. Bu gün bizim xam nefti dünya bazarlarına çıxarmaq üçün üç boru xəttimiz var – ikisi bizim neftimizi Qara dənizə, biri isə Aralıq dənizinə - Ceyhan limanına gətirir. İlk dəfə olaraq tarixdə biz Xəzər dənizini Aralıq dənizi ilə bağladıq və bu gün Azərbaycan nefti həm Türkiyəyə, Türkiyə ərazisindən isə dünya bazarlarına ixrac edilir. Bu, bizə çox böyük xeyir gətirir. Bakı-Tbilisi-Ceyhan boru xəttini əziz qardaşım, hörmətli Prezident Ərdoğanla birlikdə 2006-cı ildə açdığımız andan bu günə qədər ötən 10 il ərzində Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində və digər sahələrdə əlaqələr daha da möhkəmlənib. 2007-ci ildən sonra isə Azərbaycan tarixdə ilk dəfə olaraq təbii qazı ixrac etməyə başlamışdır. Bakını Ərzurumla birləşdirən boru xətti çəkildi və beləliklə, biz Türkiyəyə təbii qazın ixracına başladıq.

Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Dünyanın ən böyük qaz yataqlarından biri - “Şahdəniz” Azərbaycanda yerləşir. Bütün bunları nəzərə alaraq mütləq böyük qaz xətti çəkilməli idi və müxtəlif şirkətlər, müxtəlif ölkələr bu istiqamətdə öz səylərini göstərirdilər. Ancaq bu səylərin heç bir nəticəsi olmamışdır. Yenə də Türkiyə ilə Azərbaycan bu istiqamətdə də öz liderliyini göstərdi və 2012-ci ildə bu gözəl İstanbul şəhərimizdə əziz qardaşım Prezident Ərdoğanla birlikdə TANAP anlaşması imzalanmışdır.

“TANAP anlaşması tarixi bir anlaşmadır. Bu, digər önəmli layihələrə təkan verdi. TANAP layihəsi “Cənub” qaz dəhlizinin tərkib hissəsidir. “Cənub” qaz dəhlizi bu gün dünya miqyasında ən böyük enerji layihələrindən biridir. “Cənub” qaz dəhlizinin sərmayə tutumu 45 milyard dollardır və dörd önəmli layihədən ibarətdir. Birincisi, TANAP-dır ki, bizim qazı Gürcüstan-Türkiyə-Yunanıstan sərhədinə çatdırır. Digəri Cənubi Qafqaz qaz kəməridir ki, Azərbaycan qazını Türkiyə sərhədinə gətirir. Üçüncüsü, Trans-Adriatik kəməridir və nəhayət dördüncüsü, “Şahdəniz” qaz yatağının ikinci fazasının işlənməsidir.

Bu gün “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Azərbaycan və Türkiyə bu layihənin icrasında liderlik keyfiyyətlərini göstərirlər və bu, enerji təhlükəsizliyi üçün çox önəmli bir layihədir” – deyə, Prezident İlham Əliyev bildirmişdir.