Xəbərlər
Yanvar-avqust aylarında avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artıb
Bu ilin yanvar-avqust aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 33237,9 min ton, yük dövriyyəsi isə 6420,1 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, yüklərin 21 min 297 tonu və ya 64,1 faizi avtomobil nəqliyyatı, 8950,2 min tonu və ya 26,9 faizi dəmir yolu nəqliyyatı, 2990,7 min tonu və ya 9 faizi dəniz nəqliyyatı ilə daşınıb.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 6,6 faiz azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 15,1 faiz və 30,5 faiz) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 14,6 faizini və ya 4855,5 min tonunu tranzit yüklər təşkil edib.
Cari ilin yanvar-avqust aylarında dəhliz vasitəsilə 229,5 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 4596 milyon sərnişin-kilometr olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 2,2 faiz, sərnişin dövriyyəsi isə 1,5 faiz artıb.