YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Poçt Əməliyyatları Şurasına üzv seçilib

Ümumdünya Poçt İttifaqının (ÜPİ) İstanbulda keçirilən 26-cı Konqresi oktyabrın 7-də başa çatıb. Konqres çərçivəsində təşkil olunan Nazirlər Konfransında Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, konqresin nəticələri Azərbaycan üçün uğurlu olub. ÜPİ-nin 2 ali orqanından biri olan Poçt Əməliyyatları Şurasına Azərbaycanın da namizədliyi verilib və ölkəmiz Şuraya üzv seçilib. Eyni zamanda, Konqresdə Azərbaycan Poçt Administrasiyası adından edilən 21 təklifin əksəriyyəti qəbul olunub, bir neçəsi sonrakı müzakirələr üçün təşkilatın növbəti ildə keçiriləcək sessiyasına göndərilib.

R.Quluzadə Nazirlər Konfransının “Ticarətin təşviqində poçtun rolu” mövzusunda sessiyada çıxış edərək, Azərbaycanda poçt sektorunda aparılan islahatlar, elektron ticarətin təşviqi və poçt sektorunda maliyyə xidmətlərinin inkişafı ilə bağlı reallaşdırılan və perspektiv layihələr barədə tədbir iştirakçılarına məlumat verib.

Nazirlər Konfransı çərçivəsində R.Quluzadə ilə Türkiyə Respublikasının Ümumdünya Poçt İttifaqının Baş direktoru Bişar Hüseyn, Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılovla ikitərəfli görüşlər keçirilib.

Görüşlərdə telekommunikasiya, poçt, peyk rabitəsi, yüksək texnologiyalar, genişzolaqlı internet sahələrində birgə əməkdaşlığa dair müzakirələr və fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti tərəfindən ÜPİ-nin İstanbul (2016) Konqresində Azərbaycan Respublikası adından bəyanat verilib. Bəyanat İttifaqın Baş Katibi Bişar A.Huseyn tərəfindən təsdiq olunan “Aktların imzası üzrə bəyannamələr” rəsmi sənədinə daxil edilib.

Bəyanatda deyilir ki, Azərbaycan Respublikası Ümumdünya Poçt İttifaqının tamhüquqlu üzv ölkələrindən biridir və beynəlxalq səviyyədə tanınmış ölkə ərazisində Ümumdünya Poçt Konvensiyası və digər beynəlxalq hüquqi Aktlar çərçivəsində poçt xidmətlərini həyata keçirmək hüququna malikdir. Lakin, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 inzibati rayon Ermənistan Respublikası tərəfindən işğal edilib. Nəticədə işğal altındakı ərazidə poçt xidmətlərinin göstərilməsində çətinliklər yaranıb.

Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin dərhal, tamamilə və qeyd-şərtsiz erməni işğalçı qüvvələrindən azad edilməsinə dair Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (30 aprel, 1993), 853 (29 iyun, 1993), 874 (14 oktyabr, 1993) və 884 (12 noyabr, 1993) saylı qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməmiş qalır.

İşğal nəticəsində Azərbaycan Respublikasının iqtisadiyyatına, o cümlədən poçt sahəsinə külli miqdarda ziyan dəyib. Bununla əlaqədar Azərbaycan Respublikasının məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üçün yaradılmış İşçi Qrupu tərəfindən hesablamalar aparılır.

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazilərində Ümumdünya Poçt Konvensiyasının poçt markalarının dövriyyəsinə dair 8-ci maddənin müddəalarını yerinə yetirmək mümkün olmur və həmin ərazilərdə yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” adlanan qanunsuz rejim adından poçt markalarının buraxılması, həmçinin Ümumdünya Poçt İttifaqının Nizamnaməsinin 23-cü maddəsinə zidd olaraq qanunsuz poçt əməliyyatlarının həyata keçirilməsi halları davam edir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası bir daha bəyan edir ki, Azərbaycan Respublikasının Hökuməti Ümumdünya Poçt İttifaqının müvafiq qaydaları əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bütün ərazisində, o cümlədən işğal altındakı ərazilərdə belə, poçt markalarının dövriyyəyə buraxılması, poçt əməliyyatlarının həyata keçirilməsi üçün yeganə qanuni strukturdur. Azərbaycan Respublikasının Hökumətinin icazəsi olmadan işğal edilmiş ərazilərdə hər hansı poçt əməliyyatları həyata keçirilə bilməz və belə hallar Azərbaycanın milli qanunvericiliyinə, eləcə də bu sahədə mövcud olan beynəlxalq hüquq normalarına ziddir və heç bir hüquqi qüvvəyə malik deyildir.

Təəssüflə bildiririk ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə “Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu”nun müddəalarının həyata keçirilməsi həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək mümkün deyildir.

Azərbaycan Respublikası “Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu”nun müddəalarından irəli gələn hüquq və öhdəlikləri Ermənistana münasibətdə tətbiq etməmək hüququnu özündə saxlayır.