YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır.

“Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda, müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır. Müəllimlərin əməkhaqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində məktəbin kollektivi ilə görüşündə səsləndirib.

Dövlət başçımız qeyd edib ki, Azərbaycan uğurla inkişaf edən ölkədir. Son illər ərzində biz bütün istiqamətlər üzrə böyük nailiyyətlərə imza atmışıq. Elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə əlbəttə ki, insanlar hazırlıqlı, gənclər bilikli olmalıdırlar. Əgər inkişaf etmiş ölkələrin tarixinə və bu gününə baxsaq, görərik ki, o ölkələrdə təhsil, texnologiya, elm inkişaf edir. Biz də bu yolla gedirik. Azərbaycanda gənc nəslin bilikli, savadlı olması ölkəmizi gücləndirir. Çünki iqtisadiyyatda, sənayedə, bütün sahələrdə çox gözəl mütəxəssislər lazımdır. Ölkəmizin çox uğurlu inkişaf dinamikası var. Kadr hazırlığı, mütəxəssislər, peşəkarlar əlbəttə ki, bu dinamikaya əlavə güc verəcək. Ona görə, təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır.