Xəbərlər
Əli Əhmədov: Azərbaycan idmanının inkişafı ölkənin hərtərəfli yüksəlişinin nəticəsidir
“Azərbaycan idmanının inkişafı ölkənin hərtərəfli yüksəlişinin nəticəsidir”. Bu fikri Azərbaycan Respublikası Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov idmançılarımızın XXXI Yay Olimpiya Oyunlarında uğurlu çıxışlarına münasibət bildirərkən deyib.
Əli Əhmədov qeyd edib ki, 2016-cı ilin Yay Olimpiadası Azərbaycan idmançıları və idman sevənləri üçün uğurla başa çatdı. “İdmançılarımız Azərbaycana 1-i qızıl, 7-si gümüş olmaqla toplam 18 medal qazandırdılar. Ölkəmizi təmsil edən idmançılar Braziliyanın paytaxtında 18 dəfə yüksək idman kürsüsünə qalxdılar. Azərbaycan olimpiadaya qoşulmuş dövlətlərin nümayəndələri arasında ən çox sayda medal qazanmış 15 ölkədən biridir. Olimpiya Oyunlarına qatılmış 206 ölkə arasında ən çox medal qazanmış 15 ölkədən biri olmaq həqiqətən qürurverici idman göstəricisidir. Mən olimpiadanın statistikasına baxdım və bir neçə maraqlı rəqəmləri diqqətinizə çatdıra bilərəm. XXXI Yay Olimpiya Oyunlarında 11 min idmançı 974 medal uğrunda yarışıb. Orta hesabla yarışlara qatılan hər 11 oyunçuya 1 medal düşür. Azərbaycan Olimpiadada 56 idmançı ilə iştirak edib. Qazanılan medalların sayı isə 18-dir. Deməli, orta hesabla Azərbaycanın hər 3 idmançısına 1 medal düşür. Bu göstərici ümumi olimpiya göstəricisindən təxminən 4 dəfə çoxdur.”-deyə, Əli Əhmədov qeyd edib.
Baş nazirin müavini bildirib ki, yarışlarda 1-ci yerə sahib olan Amerika Birləşmiş Ştatlarını (121 medal) 554 idmançı təmsil edirdi: “Göründüyü kimi, orta hesabla təxminən bu ölkənin hər 4 idmançısına 1 medal düşür. Olimpiadada 2-ci yeri tutan İngiltərədə həmin göstərici təxminən 5-ə (366 idmançıya 67 medal), 3-cü yerin sahibi Çində isə 6-ya bərabərdir (413 idmançıya 70 medal). Onu da ayrıca vurğulamağı lazım bilirəm ki, idmançılarımızın qazandığı 7 gümüş medal potensial qızıl medal deməkdir. Gümüş medalın sahibini qızıl medalın sahibindən hansısa bir təsadüf, hansısa bir idman şansı ayırır. İdman peşəkarlığı və ustalığı baxımından onlar demək olar ki, bərabərdir.”
Əli Əhmədov bildirib ki, idmançılarımızın növbəti möhtəşəm uğurlu çıxışları Azərbaycan idmanının sürətli inkişafının bariz ifadəsidir: “İdmanın inkişafı isə ölkəmizin dinamik inkişafının, hərtərəfli tərəqqisinin birbaşa nəticəsi kimi qiymətləndirilməlidir. Mən idmançılarımızı yüksək göstəriciləri münasibətilə təbrik edirəm. Onlar hər cür təbrikə layiqdir. Bütün Azərbaycan idmançılarımız ilə fəxr edir”.